Bakıda ərini bıçaqlayaraq öldürən qadının məhkəməsindən sonra tərəflər arasında dava düşüb

Bakıda ərini bıçaqlayaraq öldürən qadının məhkəməsindən sonra tərəflər arasında dava düşüb "Mənim yeganə oğlumu öldürüblər..."
Hadisə
15 Sentyabr , 2017 13:57
Bakıda ərini bıçaqlayaraq öldürən qadının məhkəməsindən sonra tərəflər arasında dava düşüb

Bakı. 15. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ərinin ölümünə görə təqsirləndirilən 26 yaşlı Gülər Mirzəyevanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

“Report" xəbər verir ki, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Qnyaz Babayev vəsatətlə çıxış edib. O, cinayət işinin istintaqa qaytarılmasını istəyib. Q.Babayev oğlu Şəmsi Babayevi gəlini G.Mirzəyevanın tək öldürmədiyini bildirib: "Həm də hadisə baş verəndən sonra 3 saat saxlayıblar. Hər hansı yollarla ittiham yüngül verilib. Qəsdən sağlamlığa ağır zərbə vurma ilə bağlı ittiham düzgün irəli sürülməyib. Həmçinin cinayət işində əlavə şahidlər də dindirilməlidir. Mənim yeganə oğlumu öldürüblər. Xəstəyəm, baxanım yoxdur. Oğlumun qanı yerdə qalır".

Hakimlər vəsatəti müzakirə etmək üçün məhkəmə prosesini təxirə salıb.

Növbəti iclas sentyabrın 22-də davam etdiriləcək.

Məhkəmədən çıxan zaman zərərçəkmişin yaxınları ilə təqsirləndirilən şəxsin qohumları arasında mübahisə düşüb. Mübahisə əlbəyaxa davaya çevrilib. Məhkəmə nəzarətçiləri və Penitensiar Xidmətinin əməkdaşları tərəfindən davanın qarşısı alınıb və hər iki tərəf məhkəmənin ayrı-ayrı qapılardan yola salınıb.

Qeyd edək ki, 2016-cı il noyabrın 7-də Maştağa kəndində yaşayan G.Mirzəyeva həyat yoldaşı 32 yaşlı Şəmsi Babayevlə mübahisə zəminində ərinə bir neçə bıçaq zərbəsi vurub. Zərbələrdən biri ərinin şah damarına dəyib və o, qan itirmədən dünyasını dəyişib.

Daha sonra G.Mirzəyeva hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

O, Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, bu Məcəllənin 126.1 və 126.2-ci maddələrində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham olunur.

Məhkəmənin hazırlıq iclasında məlum olub ki, ali təhsilli olan G.Mirzəyeya Naxçıvan Dövlət Universitetinin filalogiya fakultəsinin məzunudur və iki yaşlı övladı var.

Onun mərhum əri Ş.Babayevin hüquqi varisi kimi atası Qnyaz Babayev tanınıb. Onun vəkili Bəxtiyar Hacıyev vəsatət verərək G.Mirzəyevanın qətli tək yox, atası və qardaşı ilə birgə törətdiyini deyib. Buna görə də cinayət işinin istintaqa qaytarılmasını istəyib. Vəsatət təmin edilməyib.

Son xəbərlər

Orphus sistemi