Bakıda ərini bıçaqlayaraq öldürən qadının məhkəməsində həkimlər ifadə verib

Bakıda ərini bıçaqlayaraq öldürən qadının məhkəməsində həkimlər ifadə verib Məhkəmə vəsatəti təmin etməyib
Hadisə
25 Avqust , 2017 12:24
Bakıda ərini bıçaqlayaraq öldürən qadının məhkəməsində həkimlər ifadə verib

Bakı. 25 avqust. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ərinin ölümünə görə təqsirləndirilən 26 yaşlı Gülər Mirzəyevanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

“Report" xəbər verir ki, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə 3 saylı Şəhər Klinik Xəstəxanasının həkim cərrahı Səbuhi Talıbov ifadə verib.

O, hadisə günü növbədə olduğunu deyib: "Yaralı qəbul şöbəsinə gətiriləndə artıq həyat əlamətləri yox idi. O, artıq dünyasını dəyişmişdi".

Digər şahid qismində isə xəsətəxananın əməkdaşı Tural Əliyev dindirilib. T.Əliyev qeyd edib ki, yaralı xəstəxanaya gətirilən zaman həyətdə səs-küy olub: "Onu xəstəxanaya Gülər Mirzəyeva gətirib. Hətta qadının qucağında körpə uşaq da var idi. O, "yaralı var" deyə qışqırırdı. Müayinə zamanı məlum oldu ki, xəstə artıq dünyasını dəyişib".

Daha sonra xəstəxananın digər əməkdaşı Əli Əliyev ifadə verib. O, xəstənin qəbul şöbəsinə xərəkdə gətirildiyini söyləyib.

Məhkəmədə hər iki tərəf əlavə şahidlərin olduğunu və onların dindirilməsini istəyiblər.

Vəkil Bəxtiyar Hacıyev vəsatət verərək mərhumun xalası Gülxanım Babayevanın əlavə şahid kimi dindirilməsini tələb edib. Vəkil vəsatətində qeyd edib ki, G.Babayeva mərhumla həyat yoldaşının münasibətlərində yaranan problemləri bilən əsas şahidlərdən biridir.

Məhkəmə vəsatəti təmin etməyib.

Növbəti məhkəmə iclası sentyabrın 8-nə təyin edilib.

Qeyd edək ki, 2016-cı il noyabrın 7-də Maştağa kəndində yaşayan G.Mirzəyeva həyat yoldaşı 32 yaşlı Şəmsi Babayevlə mübahisə zəminində ərinə bir neçə bıçaq zərbəsi vurub. Zərbələrdən biri ərinin şah damarına dəyib və o, qan itirmədən dünyasını dəyişib.

Daha sonra G.Mirzəyeva hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

O, Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, bu Məcəllənin 126.1 və 126.2-ci maddələrində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham olunur.

Məhkəmənin hazırlıq iclasında məlum olub ki, ali təhsilli olan G.Mirzəyeya Naxçıvan Dövlət Universitetinin filalogiya fakultəsinin məzunudur və iki yaşlı övladı var.

Onun mərhum əri Ş.Babayevin hüquqi varisi kimi atası Qnyaz Babayev tanınıb. Onun vəkili Bəxtiyar Hacıyev vəsatət verərək G.Mirzəyevanın qətli tək yox, atası və qardaşı ilə birgə törətdiyini deyib. Buna görə də cinayət işinin istintaqa qaytarılmasını istəyib. Vəsatət təmin edilməyib.

Son xəbərlər

Orphus sistemi