Yuxarı
    Bağlamaq

    Bakıda çörəyin içərisindən qəpik çıxıb - FOTO

    Gigiyena və Epidemiologiya Mərkəzi məsələyə münasibət bildirib© Report.az

    Bakı. 6 sentyabr. REPORT.AZ/ "İvanovka" şirkətinin istehsalı olan çörəyin içərisindən xırda pul (3 qəpik) çıxıb.

    Bu barədə "Report"a Bakı sakini olan istehlakçı məlumat verib. O, redaksiyaya içərisindən qəpik çıxan çörək diliminin fotolarını göndərib.

    İstehlakçı həmin məhsulu Bakı şəhəri, Yasamal rayonu Ə.Haqverdiyev küçəsində yerləşən "Favorit market"dən aldığını bildirib.

    Məsələ ilə bağlı marketdən "Report"a bildirdilər ki, bu kimi hal ilk dəfədir baş verir.

    "İvanovka" şirkətindən də bu halın ilk dəfə baş verdiyini bildiriblər: "Araşdırma aparılacaq və kim bu hala yol veribsə, barəsində tədbir görüləcək. Bizim işçilərimiz çox səliqəli, təmiz iş görürlər. Ona görə də belə halın baş verməsi bizi təəccübləndirdi. Məsələ araşdırılacaq".

    Gigiyena və Epidemiologiya Mərkəzinin Sanitariya-gigiyena şöbəsinin müdiri Ziyəddin Kazımov "Report"a açıqlamasında xatırladıb ki, artıq iki ilə yaxındır istehsal müəssisələrində heç bir yoxlama həyata keçirilmir: "Yoxlamalar həyata keçirilməsə də, hər bir istehsal üçün müəyyən olunmuş sanitar qaydalar mövcuddur ki, ona əməl olunmalıdır. Əgər doğrudan da bu hal baş veribsə, bu onu göstərir ki, siz qeyd etdiyiniz istehsal sahəsində sanitar-gigiyenik qaydalara ciddi əməl olunmayıb.

    Görünür müəssisədə nöqsanlara yol verənlər ya işçilərdir, ya da şirkət fəaliyyətində qaydalara əməl etmir. İşçilər birinci növbədə sanitar geyimdən istifadə etməlidirlər. Eyni zamanda, barmaqlarında üzük, qulaqlarında sırğa, cibdə qəpik, ümumiyyətlə üzərlərində yad əşyalar olduğu halda istehsal sahəsinə daxil olmamalıdırlar. Qəpiyin çıxması onu sübut edir ki, işçilər qaydaları pozaraq həmin istehsal sahəsinə yad əşyalar aparıblar, o da çörəyin içərisinə daxil olub".

    Z.Kazımov məsələnin ikinci tərəfinə də toxunub. Onun sözlərinə görə, istehsal sahəsində un ələnmə prosesindən keçirilməlidir. Eyni zamanda, unun tərkibində olan yad cisimlər maqnit ötürücülərdən keçirilməlidir ki, saxlanılsın.

    Z.Kazımov onu da vurğulayıb ki, bu kimi hallar aşkarlandıqda istehsalçı İnzibati Xətalar Məcəlləsinə əsasən 200 manatdan 400 manata qədər cərimə olunur. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi