Yuxarı
    Bağlamaq

    Bakıda bazarda müştərini döyən satıcı məhkəmədə ifadə verib: "Söyüş söydüyünə görə onu vurdum"

    Hadisə Şüşəli bazarda baş verib© Report.az

    Bakı. 3 aprel. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Seymur Fərəcovun cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.

    "Report"un məlumatına görə, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başlandığı elan olunub.

    Daha sonra dövlət ittihamçısı ittiham aktını elan edib.

    S.Fərəcov elan olunmuş ittiham üzrə özünü təqsirli bildiyini söyləyib: "Mən mağazada satıcı idim. Rasim içəri daxil olub, mal almaq istədi. Əmimoğlu Ariflə ona dedik ki, kömək edək. Bizə bildirdi ki, "kayfdayam, özüm seçəcəm". Bununla mübahisə etdik. O, söyüş söydü. Qohumum rəhmətə gedib dedim, söyüş söymə. Sonra onu necə vurduğum yadımda deyil".

    Zərərçəkmiş Rasim Babayev dindirilərkən davanın necə baş verməsi haqda danışıb: "Həmin zaman zərbə məni tutandan sonra özümü itirdim. Bir az içkili idim. Əvvəl mübahisə etdik, sonra dava düşdü. Qarpız seçirdim. Mübahisə də elə bunun üstündə oldu. Bunlar iki nəfər idi. Birinci zərbə arxadan gəldi. Amma ilk zərbədən sonra məni digər vuranların kim olduğunu görmədim. Özümdə deyildim".

    R.Babayev təqsirləndirilən S.Fərəcovu bağışladığını ifadə edib: "Seymurdan şikayətim yoxdur".

    Məhkəmənin növbəti prosesi aprelin 10-na təyin edilib.

    Qeyd edək ki, hadisə ötən ilin avqust ayının 8-də Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən "Şüşəli bazar"da baş verib. Həmin bazarda mağazada satıcı işləyən S.Fərəcov mübahisə zəminində müştəri Rasim Babayevi döyüb. Daha sonra zərərçəkmiş xəstəxanaya yerləşdirilib, onun ağır xəsarətlər aldığı məlum olub.

    Hadisədən sonra R.Babayevin şikayəti əsasında saxlanılan S.Fərəcov barəsində həbs qətimkan tədbiri seçilib.

    O, Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham olunur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi