Bakı. 7 aprel. REPORT.AZ/ Bakı Şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu paytaxtda baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı rəsmi məlumat yayıb.
“Report”un xəbərinə görə, məlumatda bildirilib ki, aprelin 6-da saat 16 radələrində paytaxtın Qaradağ rayonu ərazisində “Daewoo” markalı 10-TG-188 dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Cahid Babayevin idarəetməni itirərək yolun kənarında dayanmış Zakir Mirzəyevin idarə etdiyi “Mersedes-Benz” markalı 10-UP-246 dövlət qeydiyyat nişanlı, Polad Nuriyevin idarə etdiyi “Daewoo” markalı 10-TF-967 dövlət qeydiyyat nişanlı avtobusları və Yunis Kazımovun idarə etdiyi “Opel Vectra” markalı 99-FK-907 dövlət qeydiyyat nişanlı avtomobili vurması nəticəsində P.Nuriyevin aldığı xəsarətlərdən xəstəxanada ölməsi, Z.Mirzəyevin, habelə avtobusda olan sərnişinlərin xəsarət almaları faktına görə rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb.
Aparılan istintaq zamanı qeyd olunan yol-nəqliyyat hadisəsinin C.Babayev tərəfindən törədilməsində kifayət qədər əsaslı şübhələr olduğundan o, tutularaq istintaqa cəlb olunub.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.