Yuxarı

Bakıda babasını öldürən şəxsə və onun dostuna hökm oxunub

Hacıağa Hüseynov 18 il, Elman Qasımov 17 il müddətinə azadlıqdan məhrum edilib

Bakı. 21 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Hacıağa Hüseynovun və Elman Qasımovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə H.Hüseynov 18 il və E.Qasımov isə 17 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, cinayət hadisəsi bu il fevralın 14-də Sabunçu rayonu ərazisində, Albalılıq bağ sahəsində baş verib. H.Hüseynov babası, 76 yaşlı H.Məmmədrəsul oğlunun qətlini tamah məqsədilə qonşusu E.Qasımovla birgə təşkil edib. Həmin şəxslər onu bağ evinin həyətində başından vuraraq öldürüb, sonra 2 min manat pulu ələ keçirərək bölüşdürüblər. Hadisə ilə bağlı daha əvvəl Bakı şəhər sakini E.Qasımov tutulub. H.Hüseynov isə hadisənin baş verdiyi gündən 12 gün sonra tutularaq istintaqa təhvil verilib.

Həmin şəxslər Cinayət Məcəlləsinin 120.2.1-ci (qəsdən adam öldürmə, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə), 120.2.11-ci (qəsdən adam öldürmə, quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə) və 181.3.3-cü (quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddələri ilə ittiham olunublar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi