Bakıda babasını öldürən şəxs və onun dostunun şikayəti əsasında məhkəmə başlayıb

Bakıda babasını öldürən şəxs və onun dostunun şikayəti əsasında məhkəmə başlayıb Məhkəmənin növbəti iclası dekabrın 15-nə təyin edilib
Hadisə
12 Dekabr , 2016 14:27
Bakıda babasını öldürən şəxs və onun dostunun şikayəti əsasında məhkəmə başlayıb

Bakı. 12 dekabr. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində qətl və quldurluq törətməkdə təqsirləndirilən Hacıağa Hüseynov və Elman Qasımovun barələrində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.

"Report"un xəbərinə görə, hakim Abid Abdinbəyovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası dekabrın 15-nə təyin edilib.

Qeyd edək ki, cinayət hadisəsi bu il fevralın 14-də Sabunçu rayonu ərazisində, Albalılıq bağ sahəsində baş verib. H.Hüseynov babası, 76 yaşlı H.Məmmədrəsul oğlunun qətlini tamah məqsədilə qonşusu E.Qasımovla birgə təşkil edib. Həmin şəxslər onu bağ evinin həyətində başından vuraraq öldürüb, sonra 2 min manat pulu ələ keçirərək bölüşdürüblər. Hadisə ilə bağlı daha əvvəl Bakı şəhər sakini E.Qasımov tutulub. H.Hüseynov isə hadisənin baş verdiyi gündən 12 gün sonra tutularaq istintaqa təhvil verilib.

Həmin şəxslər Cinayət Məcəlləsinin 120.2.1-ci (qəsdən adam öldürmə, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə), 120.2.11-ci (qəsdən adam öldürmə, quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə) və 181.3.3-cü (quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddələri ilə ittiham olunublar.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə H.Hüseynov 18 il və E.Qasımov isə 17 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narzı qalan məhkumlar apellyasiya şikayətləri verib.

Son xəbərlər

Orphus sistemi