Bakı. 29 aprel. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Sadiq Ağayev, Qaməddin Əliyev və Məhəbbət Əliyevin cinayət işi üzrə məhkəmə başa çatıb.
"Report"un məlumatına görə, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərin hər bir 8 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə bu ilin fevral ayında Bakı şəhərində baş verib. Paytaxt sakini Nizami Qasımova məxsus “Toyota” markalı avtomobildən 80 min ABŞ dolları oğurlanıb. Hadisədən sonra polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt sakinləri S.Ağayev, M.Əliyev və Füzuli rayon sakini Qaməddin Əliyev tutulublar. Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunublar.