Avstriya atletlərini avtobusla vurma hadisəsinə görə təqsirləndirilən şəxslərin məhkəməsi davam etdirilib

Avstriya atletlərini avtobusla vurma hadisəsinə görə təqsirləndirilən şəxslərin məhkəməsi davam etdirilib Məhkəmənin növbəti iclası mayın 6-na təyin edilib
Hadisə
29 Aprel , 2016 13:28
Avstriya atletlərini avtobusla vurma hadisəsinə görə təqsirləndirilən şəxslərin məhkəməsi davam etdirilib

Bakı. 29 aprel. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində I Avropa Oyunlarının "Atletlər kəndi"nin nəqliyyat deposunda Avstriya yığmasının atletlərini avtobusla vurmaqda təqsirləndirilən avtobus sürücüsü Vəli Əhmədov, həmçinin Nəqliyyat Nazirliyinin (NN) Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin şöbə rəisi Hüseyn Salamov, "Təhlükəsiz şəhər" kamerasının operatoru Elçin Həsənov və NN-in Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Sərnişindaşıma Departamentinin məsləhətçisi Fərid Əmiraslanovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

"Report"un məlumatına görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər F.Əmiraslanovla E.Həsənov və şahidlər Kazım Şərifovla Yaqub Novruzəliyev ifadə verib.

F.Əmiraslanov ifadəsində bildirib ki, o, I Avropa Oyunları zamanı sürücülərin elektron poçtla ona göndərilən siyahısını kompüter vasitəsi ilə tərtib edib: "Bakı Sərnişin Nəqliyyatı Daşınmaların Təşkili Şöbəsi tərəfindən 2014-cü ilin sentyabr ayında göndərilən 286 nəfərlik siyahıdan Vəli Əhmədovun adı çıxarılmışdı. Lakin ikinci dəfə "Transqeyt" MMC şirkətinin göndərdiyi siyahıda onun adı qeyd edilmişdi. Vəli Əhmədov təlimlərdən və hüquq-mühafizə orqanlarından keçəndən sonra ona akkreditasiya kartı verilib. Onun əvvəllər məhkum olunmasından isə xəbərim olmayıb. Mənim əməlimdə cinayət işi yoxdur. Məhkəmədən xahiş edirəm ki, barəmdə ədalətli hökm çıxarsın".

E.Həsənov isə ifadəsi zamanı 2009-cu ildən Daxili İşlər Nazirliyində (DİN) çalışdığını deyib: "Hadisədən sonra bizim otağa 2 nəfər polis əməkdaşı gəldi. Onlar hadisə anının videogörüntülərinə baxmaq istədiklərini bildirdilər. Həmin vaxt rəisimə bu haqda məlumat verdim və o, gələn polis əməkdaşlarına icazə verməyimi dedi. Həmin şəxslərin telefonu vasitəsi ilə 17 saniyəlik görüntünü çəkdim. Sonra onlardan xahiş etdim ki, videogörüntünü mənim də telefonuma göndərsinlər. Vəli Əhmədovu da idarəyə gətirdilər. Bundan sonra bir çox adam gəlib həmin videogörüntülərə baxdılar. Videogörüntünü Məzahir Əsgərova da verdim. Rəisim mənə zəng vurub dedi ki, həmin videogörüntülər məxfidir və o, hər kəsdən videogörüntünü telefondan silməsini istədi. Mən də öz telefonumdan sildim. Lakin məni Daxili İşlər Nazirliyinə, sonra Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırdılar. Bir müddətdən sonra həbs edildim".

Məhkəmənin növbəti iclası mayın 6-na təyin edilib.

Qeyd edək ki, 2015-ci il iyun ayının 11-də, I Avropa Oyunlarının "Atletlər kəndi"nin nəqliyyat deposunda, "Bakubus" MMC-yə məxsus avtobus hərəkət zolağından çıxaraq piyadalar üçün səki ilə gedən Avstriyanın sinxron üzgüçülük üzrə yığma komandasının üzvləri Vanessa Sahinoviçə və Luna Paceri vurub. Hadisədən sonra avtobusun sürücüsü V.Əhmədov, Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin şöbə rəisi H.Salamov və "Təhlükəsiz şəhər” kamerasının operatoru E.Həsənov adlı şəxs tutulub. NN-in Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Sərnişindaşıma Departamentinin məsləhətçisi F.Əmiraslanov isə işlə bağlı istintaqa cəlb olunsa da, barəsində həbs qətimkan tədbiri seçilməyib. O, zaminə buraxılıb. V.Əhmədova qarşı Cinayət Məcəlləsinin 263.1-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda), H.Salmanov və E.Həsənova qarşı 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), F.Əmiraslanova qarşı isə 314-cü (səhlənkarlıq) maddəsi ilə ittiham irəli sürülüb.

2016-cı ilin yanvar ayının 15-də Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarına əsasən, cinayət işinin baxılmasına xitam verilib və iş ibtidai istintaqa qaytarılıb. Buna səbəb kimi zərərçəkmiş şəxslərin ifadələrinin alınmaması və onların hüquqlarının pozulması göstərilib. Cinayət işi yenidən baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Son xəbərlər

Orphus sistemi