Bakıda arvadını döyərək öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

Bakıda arvadını döyərək öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb Hazırlıq iclası martın 3-dək təxirə salınıb
Hadisə
24 Fevral , 2017 15:34
Bakıda arvadını döyərək öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

Bakı. 24 fevral. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını döyərək öldürməkdə təqdirləndirilən Namiq Əkbərzadənin cinayət işi üzrə məhkəməsinin hazırlıq iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Zərərçəkmiş tərəfin vəkili cinayət işi materialları ilə tanış olmaq üçün məhkəmədən vaxt istəyib.

Hazırlıq iclası martın 3-dək təxirə salınıb.

Qeyd edək ki, hadisə ötən ilin oktyabr ayında Xətai rayonu Yusif Səfərov küçəsində yerləşən mənzildə baş verib. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan Dilarə Hüseynovaya açıq kəllə-beyin travması, baş beyinin ağır əzilməsi, alın sümüyünün sınığı, döş qəfəsinin hematoması, qabırğaların sınığı diaqnozu qoyulub. Həkimlərin səyinə baxmayaraq o, dünyasını dəyişib.

Araşdırma zamanı məlum olub ki, N.Əkbərzadə həyat yoldaşını taxta ilə döyərək qətlə yetirib. O, polis əməkdaşları tərəfindən saxlanılıb.

N.Əkbərzadə istintaqa ifadəsində hadisəni qısqanclıq zəminində törətdiyini deyib.

O, Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ölümə səbəb olduqda) maddəsi ilə ittiham olunur.

Əri tərəfindən vəhşicəsinə döyülərək öldürülən D.Hüseynova Bakı Biznes və Koorperasiya Kollecində müəllim işləyirmiş. Məlum olub ki, onların 6 və 9 yaşlarında övladları var. N.Əkbərzadə isə Moskvada ticarətlə məşğul olub.

Son xəbərlər

Orphus sistemi