Yuxarı

​Bakıda arvadını bıçaqlayan şəxsin məhkəməsi keçirilib

Prosesdə zərərçəkən və təqsirləndirilən şəxs ifadə verib

Bakı. 13 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını bıçaqlayan 1984-cü il təvəllüdlü Məhəmməd Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

“Report”un məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkən Ayşən Gülüşova və təqsirləndirilən şəxs ifadə verib.

Toylarının təzə olduğunu deyən A.Gülüşova ərinin bıçaqladığı zaman hamilə olduğunu bildirib: “Toyumuz təzə olmuşdu. Məni hər kəsdən qısqanırdı. Heç bir yerdə işləmirdi. Məhəmməd birinci həyət yoldaşından boşanmadığından, biz nikah bağlamamışdıq. Hadisədən üç ay əvvəl ayrılmışdıq. Hadisə günü Məhəmməd evə gəldi. Mən həmin vaxt hamilə idim. Dedim niyə gəlmisən?! Bu zaman o, salam verib içəri daxil oldu. Barışmaq istədiyini bildirdi və cibindən bıçaq çıxartdı. Məni qorxutmaq məqsədilə əvvəl başımı və boğazımı bıçaqla yaraladı. Daha sonra mənə bir neçə dəfə bıçaq zərbəsi endirdi. Həmin vaxt qanımın axdığını görəndə özümü itirdim. Bu zaman 8 yaşlı bacımoğlu Əliağa otaqdan çıxdı. Mənim qan içində olduğumdan qorxan Məhəmməd də özünə xəsarət yetirdi. Qonşular səs-küyə gəlib məni xəstəxanaya apardılar”.

M.Əliyev dindirilən zaman özünü qismən təqsirli hesab edib: “Ayşəni öldürmək niyyətim yox idi. Onu qorxutmaq üçün evə getdim. Ayşənlə barışmaq istəyirdim. Daha sonra onu bıçaqla bir neçə dəfə vurdum”.

Məhkəmənin növbəti iclası oktyabrın 20-nə təyin edilib.

Qeyd edək ki, hadisə bu ilin aprel ayının 16-da Bakının Suraxanı rayonu Tağıyev küçəsində baş verib. 31 yaşlı Məhəmməd Əliyev yaşadığı evdə həyat yoldaşı, 23 yaşlı Ayşən Gülüşova ilə mübahisə edib. O, A.Gülüşovanın baş, boğaz və qol nahiyələrinə bıçaqla xəsarət yetirib. Həyat yoldaşını al-qan içində görən M.Əliyev daha sonra əlindəki bıçaqla özünə xəsarət yetirib. Səs-küyə gələn qonşular hər iki yaralını 3 saylı şəhər kliniki xəstəxanasına çatdırıblar.

M.Əliyev 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə ittiham olunur.
Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi