Bakı. 8 fevral. REPORT.AZ/ Həyat yoldaşını bıçaqlamaqda təqsirləndirilən Sadıqov Cəlal Pirşah oğlu barəsindəki hökmdən apellyasiya şikayəti verib.
“Report”un məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək iclas fevralın 12-nə təyin edilib.
İşə hakim Həsən Əhmədovun sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, hadisə 2015-ci ilin aprel ayının 20-də Suraxanı rayonu Bülbülə qəsəbəsində baş verib. Həyat yoldaşı, 66 yaşlı C.Sadıqovla mübahisə edən 52 yaşlı Tamara Sadıqova oğlunun evinə gedib. Daha sonra C.Sadıqov onu bıçaqlayıb. Xəstəxanaya çatdırılan T.Sadıqovanın həyatını xilas etmək mümükün olub. Hadisə yerindən qaçan C.Sadıqov Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsi tərəfindən saxlanılıb.
O, Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (qəsdən adam öldürməyə cəhd, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) və 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddələri ilə ittiham edilib.
2015-ci ilin dekabr ayının 24-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə C.Sadıqov 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Qərardan narazı qalan C.Sadıqov apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.