Bakı. 31 yanvar. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində terrorçuluq və digər cinayətlərdə təqsirləndirilən Fərid Sadıqovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
“Report”un xəbərinə görə, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, F.Sadıqovun apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.
Qeyd edək ki, "Əbdülxaliq" dini ləqəbli F.Sadıqov İŞİD terror təşkilatının ideyalarının Azərbaycanda qəbul olunması və cinayətkar məqsədlər üçün Qərib Dəmirov, Məhəmməd Ulubəyov və digər şəxslərlə əlaqəyə girib. Onlar Bakı Dövlət Universiteti, İslam Universiteti, Neft Akademiyasında terror həyata keçirmək, əhali arasında vahimə yaratmaq istəyiblər. Dəstə üzvləri şimal zonasında olan şərab mağazaları, lombardlara hücum etməyi planlaşdırıblar.
Dəstə üzvləri Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) keçirdiyi əməliyyat zamanı məhv edilib, F.Sadıqov isə sonradan həbs edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə F.Sadıqov 11 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.