Bakıda adam öldürməyə cəhd edən şəxsin cəzası artırılıb

Bakıda adam öldürməyə cəhd edən şəxsin cəzası artırılıb Prokurorun apellyasiya protesti və zərərçəkmişin apellyasiya şikayəti təmin edilib
Hadisə
30 Dekabr , 2017 10:01
Bakıda adam öldürməyə cəhd edən şəxsin cəzası artırılıb

Bakı. 30 dekabr. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində qəsdən adam öldürməyə cəhd etməkdə təqsirləndirilən Vəli Əhmədovun barəsində olan hökmdən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti və zərərçəkmiş Sənan İsmayılovun verdiyi apellyasiya şikyəti üzrə məhkəmə iclası başa çatıb.

“Report”un xəbərinə görə, hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, prokurorun apellyasiya protesti və zərərçəkmişin apellyasiya şikayəti təmin edilib, birinci instansiya məhkəməsinin çıxardığı hökm ləğv edilib.

Belə ki, V.Əhmədovun 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası 10 illik həbs cəzası ilə əvəzlənib.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində Rusiya Federasiyası vətəndaşı V.Əhmədov münaqişə zəminində tüfəngdən açdığı atəşlə qəsəbə sakini Sənan İsmayılova xəsarət yetirib. S.İsmayılov dərhal xəstəxanaya yerləşdirilib.

Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində V.Əhmədov tutulub. Hadisəni törədərkən onun istifadə etdiyi "Vinçester" markalı tüfəng, 4 ədəd patron və 1 ədəd giliz götürülüb.

O, Cinayət Məcəlləsinin (CM) 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində dövlət ittihamçısı çıxışında V.Əhmədovun 17 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə onun barəsində CM-nin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsinə tövsif edilib. Hökmə əsasən, V.Əhmədov 5 il müddətinə azadlıqdan məhrum olunub.

Son xəbərlər

Orphus sistemi