Bakıda adam oğurluğunda təqsirləndirilən şəxslər məhkəməyə müraciət ediblər

Bakıda adam oğurluğunda təqsirləndirilən şəxslər məhkəməyə müraciət ediblər İşə hakim Əmir Bayramovun sədrliyi ilə baxılacaq
Hadisə
24 Sentyabr , 2016 17:14
Bakıda adam oğurluğunda təqsirləndirilən şəxslər məhkəməyə müraciət ediblər

Bakı. 24 sentyabr. REPORT.AZ/ Hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən Fuad Şükürov, Elnur Şükürov, Elman Əhmədov və Adil Lətifov barələrində olan hökmdən apellyasiya şikayəti verib.

“Report”un məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək hazırlıq iclası sentyabrın 30-na təyn edilib.

İşə hakim Əmir Bayramovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, hadisə Biləcəri qəsəbəsinin ərazisində baş verib. Həmin ərazidə bir qrup şəxs Bakı şəhər sakini Rüfət Camalovu döydükdən sonra onu zorla "Nissan" markalı avtomobilə oturdaraq Əhmədli qəsəbəsinin ərazisində yerləşən kafelərdən birinə aparıblar. Orada ona qarşı şərəf və ləyaqəti alçaldan hərəkətlər edib videoya çəkərək internetdə yerləşdirəcəkləri ilə hədələyib ondan 20 min manat pul tələb ediblər. Bununla bağlı daxil olan məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə təqsirli bilinən Ağsu şəhər sakini E.Əhmədov, Salyan şəhər sakini F.Şükürov və E.Şükürov, həmçinin paytaxt sakini A.Lətifov tutulub.

Həmin şəxslər Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə), 145-ci (qanunsuz azadlıqdan məhrum etmə) və 310-cu (vəzifəli şəxsin səlahiyyətini mənimsəmə) maddələri ilə ittiham olunublar.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə F.Şükürov 12 il, E.Şükürov 11 il, A.Lətifovun hər birinin 10 il 6 ay və E.Əhmədovun isə 11 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayəti verib.

Son xəbərlər

Orphus sistemi