Bakıda “Abu İbrahim Dağıstani” ləqəbli partlayıcı qurğular hazırlayan şəxsin məhkəməsi başlayır

Bakıda “Abu İbrahim Dağıstani” ləqəbli partlayıcı qurğular hazırlayan şəxsin məhkəməsi başlayır Terrorçuluqda təqsirləndirilən Bəhram Güləliyev barəsində cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Hadisə
10 İyun , 2020 09:12
Bakıda “Abu İbrahim Dağıstani” ləqəbli partlayıcı qurğular hazırlayan şəxsin məhkəməsi başlayır

Terrorçuluqda təqsirləndirilən Bəhram Güləliyev barəsində cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

“Report” xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Səbuhi Hüseynovun icraatında olan iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətində Cinayət Məcəlləsinin 218.2 (cinayətkar birlikdə iştirak etmə) və 279.1-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmənin fəaliyyətində iştirak etmə) maddələri ilə aparılan cinayət təqibi üzrə əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, “Abu İbrahim Dağıstani” dini ləqəbi ilə beynəlxalq terror təşkilatlarında partlayıcı qurğular üzrə mütəxəssis kimi fəaliyyət göstərən Azərbaycan Respublikasının vətəndaşı, 1971-ci il təvəllüdlü Güləliyev Bəhram Tağıbəy oğlu 2003-cü ildə qeyri-leqal yollarla Əfqanıstan ərazisinə keçib və oradakı qanunsuz silahlı birləşmələrə qoşulub.

Beynəlxalq axtarış tədbirləri çərçivəsində, sonuncu Pakistan İslam Respublikasında saxlanılaraq 2019-cu ilin oktyabr ayında Azərbaycan Respublikasına ekstradisiya edilib.

Müəyyən olunub ki, Bəhram Güləliyev beynəlxalq terror təşkilatlarını kimyəvi maddələrdən istifadə etməklə hazırladığı partlayıcı qurğularla təchiz edib, əcnəbilərdən ibarət qanunsuz silahlı birləşmələrin tərkibində partlayıcı qurğuların hazırlanması üzrə təlimlər aparıb, eləcə də Azərbaycan Respublikasının vətəndaşlarını həmin silahlı münaqişələrə cəlb edib.

Davam edən araşdırmalarla, Əfqanıstan və Pakistanın sərhəd bölgələrində terror təlimlərində və silahlı münaqişələrdə iştirak edən, daha sonra tərkibində olduğu dəstənin digər üzvləri də saxlanılıblar.

B.Güləliyevə Cinayət Məcəlləsinin 214.2.6-cı ( dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində terrorçuluq) və digər müvafiq maddələrlə ittiham verilib.

Son xəbərlər

Orphus sistemi