Bakıda 900-dən çox kitab oğurlayan şəxs tutulub

Bakıda 900-dən çox kitab oğurlayan şəxs tutulub Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb
Hadisə
26 Fevral , 2018 11:38
Bakıda 900-dən çox kitab oğurlayan şəxs tutulub

Bakı. 26 fevral. REPORT.AZ/ Bakıda 900-dən çox uşaq ədəbiyyatına aid kitabı oğurlamaqda şübhəli bilinən şəxsi polis saxlayıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Nərimanov rayonu Atatürk prospekti 9 ünvanında yerləşən vətəndaş Solmaz Amanovaya məxsus yardımçı təsərrüfatdan oğurluq edilib. Bu barədə zərərçəkən şəxs Nərimanov Rayon Polis İdarəsi 16-cı Polis Bölməsinə şikayət ərizəsi ilə müraciət edərək bildirib ki, həmin yerdən müəllifi olduğu 900-dən çox uşaq ədəbiyyatı silsiləsinə aid kitab və məişət əşyaları oğurlanıb.

Nərimanov Rayon Polis İdarəsi 16-cı Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən oğurluq hadisəsini törətməkdə şübhəli bilinən Kürdəmir rayon sakini, əvvəllər məhkum olunmuş Samir Salmanov saxlanılıb.

Saxlanılan şəxs ifadəsində qeyd edilən anbardan oğurluq etdiyini etiraf edərək bildirib ki, əldə etdiyi kitabları şəhərin müxtəlif nöqtələrində yerləşən kitab mağazalarına satıb. Araşdırma zamanı həmçinin S.Salmanovun Cinayət Məcəlləsinin oğurluq maddəsi ilə axtarışda olduğu da müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar və zəruri istintaq hərəkətləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi