Yuxarı

Bakıda 36 ədəd su nasosu oğurlayan şəxs saxlanılıb - FOTO

Bakıda 36 ədəd su nasosu oğurlayan şəxs saxlanılıb - FOTO

Bakı. 16 avqust. REPORT.AZ/ Bakının mərkəzi küçələrində yaşayan əhalini su ilə təmin edən qurğuların oğurlanması hallarının qarşısının alınması və bu cinayətləri törədən şəxsin ifşa edilməsi istiqamətində Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, nəticədə rayon ərazisində mənzillərin girişində quraşdırılan su nasoslarını oğurlamaqda şübhəli bilinən Şirvan şəhər sakini, əvvəllər məhkum olunan Pərviz Səfərov saxlanılıb.

Araşdırma zamanı onun Səbail və Nəsimi rayonlarında ümumilikdə 36 ədəd su nasosu oğurladığı məlum olub. Saxlanılan şəxs ifadəsində həmin nasosları əsasən sutkanın qaranlıq vaxtlarında oğurladığını və şəhərin müxtəlif yerlərində satdığını etiraf edib.

Faktla bağlı Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir.

Polis əməkdaşları oğurluq etməkdə şübhəli bilinən bu şəxsin başqa cinayətlərdə iştirak etdiyini də istisna etmirlər. Onun əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Səbail Rayon Polis İdarəsinə müraciət edə bilərlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi