Bakıda 3,4 milyon dollarlıq dələduzluqla təqsirləndirilən şəxsin atasının apellyasiya şikayəti təmin edilməyib

Bakıda 3,4 milyon dollarlıq dələduzluqla təqsirləndirilən şəxsin atasının apellyasiya şikayəti təmin edilməyib Hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub
Hadisə
11 Avqust , 2018 15:11
Bakıda 3,4 milyon dollarlıq dələduzluqla təqsirləndirilən şəxsin atasının apellyasiya şikayəti təmin edilməyib

Bakı. 11 avqust. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində Bakı sakininin 3,4 milyon ABŞ dolları məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən Loğman Abdullayevin atası Çingiz Abdullayevin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

“Report”un xəbərinə görə, hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, Ç.Abdullayevin apellyasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, hadisə 2015-ci ildə baş verib. Bakı şəhər sakini Tofiq Nadir oğlu Zülfüqarov Daxili İşlər Nazirliyinə (DİN) müraciət edərək bir qrup şəxsin ona məxsus 3 milyon 400 min ABŞ dolları məbləğində vəsaiti dələduzluq yolu ilə ələ keçirdiklərini bildirib. Baş İdarənin əməkdaşları tərəfindən həyata keçirilən tədbirləri nəticəsində Loğman Abdullayev, Nurlan Bayramov, Emin Qasımov, Ruslan Hacıyev, Pərviz Rzayev, Fərhad Tağıyev, Gəray Abdullayev, Tural Babazadə və Tural Qasımov saxlanılıb.

Həmin şəxslər Cinayət Məcəlləsinin (CM) 145.2.4-cü (qanunsuz azadlıqdan məhrum etmə, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə), 170.3.1-ci (yetkinlik yaşına çatmayanı cinayətkar fəaliyyətə cəlb etmə), 178.3.1-ci (dələduzluq, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə ittiham olunublar.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə L.Abdullayev və N.Bayramovun hər biri 18 il, P.Rzayev və E.Qasımovun hər biri isə 16 il müddətinə azadlıqdan məhrum ediliblər.

Ev dustaqlığında olan təqsirləndirilən R.Hacıyevə 5 il sınaq müddəti təyin olunmaqla şərti cəza verilib. F.Tağıyevə isə 3 min manat cərimə təyin edilib və barəsində başqa yerə getməmək haqqında iltizam tədbiri seçilib. Digər təqsirləndirilən G.Abdulov 2 min manat cərimə olunub, T.Babazadə barəsində isə 3 il sınaq müddəti təyin edilməklə şərti cəza verilib.

Hökmdən narazı qalan şəxslər apellyasiya şikayəti veriblər. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib və cəzalar azaldılıb. Belə ki, 18 il müddətinə azadlıqdan məhrum edilən L.Abdullayevin cəzası 15 ilə, 16 il müddəyinə azadlıqdan məhrum edilən E.Qasımovla P.Rzayevin cəzası isə 14 il 6 aya endirilib.

Şərti cəza alanlar - F.Tağıyev, G.Abdullayev, T.Qasımov və R.Hacıyev barəsindəki hökm isə dəyişdirilmədən saxlanılıb. Qərarda qeyd olunub ki, birinci instansiya məhkəməsi cəzaları düzgün hesablamayıb.

Xatırladaq ki, L.Abdullayevin atası Ç.Abdullayev Qazaxıstanda həbs edilib. O daha sonra Azərbaycana ekstradisiya edilib. Ç.Abdullayev də CM-nin 145.2.4-cü (qanunsuz azadlıqdan məhrum etmə, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə), 170.3.1-ci (yetkinlik yaşına çatmayanı cinayətkar fəaliyyətə cəlb etmə), 178.3.1-ci (dələduzluq, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ç.Abdullayev 12 il müddətinə azadlıqdan məhrum edilib. Daha sonra məhkum apellyasiya şikayəti verib, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Son xəbərlər

Orphus sistemi