Yuxarı
    Bağlamaq

    Bakıda 3,4 milyon dollarlıq dələduzluqla təqsirləndirilən şəxsin atası Qazaxıstanda həbs edilib

    Onun Azərbaycana ekstradisiya olunması ilə bağlı tədbirlər görülür

    Bakı. 28 mart. REPORT.AZ/ Bakı sakininin 3,4 milyon ABŞ dolları məbləğində vəsaitini dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən Loğman Abdullayevin atası Çingiz Abdullayev həbs olunub.

    Bu barədə "Report"a L.Abdullayevin vəkili Bəxtiyar Hacıyev məlumat verib.

    Onun sözlərinə görə, barəsində axtarış elan olunmuş Ç.Abdullayev Qazaxıstanda saxlanılıb. Qazaxıstanda istintaq təcridxanasında saxlanılan Ç.Abdullayevin barəsində həbs qətimkan tədbiri seçilib: "Hazırda onun Azərbaycana ekstradisiya olunması ilə bağlı tədbirlər görülür. O, yaxın günlərdə Azərbaycana təhvil veriləcək".

    Qeyd edək ki, 2015-ci ildə Bakı şəhər sakini Tofiq Nadir oğlu Zülfüqarov Daxili İşlər Nazirliyinə (DİN) müraciət edərək, bir qrup şəxsin ona məxsus 3 milyon 400 min ABŞ dolları məbləğində vəsaiti dələduzluq yolu ilə ələ keçirdiklərini bildirib. Baş İdarənin əməkdaşları tərəfindən həyata keçirilən tədbirləri nəticəsində L.Abdullayev və digərləri - Nurlan Bayramov, Emin Qasımov, Ruslan Hacıyev, Pərviz Rzayev, Fərhad Tağıyev, Gəray Abdullayev, Tural Babazadə və Tural Qasımov saxlanılıb.

    Nərimanov Rayon Məhkəməsində F.Tağıyev, R.Hacıyev və T.Qasımov barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması ilə bağlı verilmiş təqdimata baxılıb. Məhkəmənin qərarı ilə həmin şəxslər barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənib.

    Həmin şəxslər Cinayət Məcəlləsinin (CM) 145.2.4-cü (qanunsuz azadlıqdan məhrum etmə, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə), 170.3.1-ci (yetkinlik yaşına çatmayanı cinayətkar fəaliyyətə cəlb etmə), 178.3.1-ci (dələduzluq, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə ittiham olunublar.

    Bakı Ağır Cinayətlər Məhkəməsində, hakim Tamella Nəsrullayevin sədrliyi ilə keçirilən iclasda hökm oxunub. Məhkəmənin hökmü ilə L.Abdullayev və N.Bayramovun hər biri 18 il, P.Rzayev və E.Qasımovun hər biri isə 16 il müddətinə azadlıqdan məhrum ediliblər.

    Ev dustaqlığında olan təqsirləndirilən R.Hacıyevə 5 il sınaq müddəti təyin olunmaqla şərti cəza verilib. F.Tağıyevə isə 3 min manat cərimə təyin edilib və barəsində başqa yerə getməmək haqqında iltizam tədbiri seçilib. Digər təqsirləndirilən G.Abdulov 2 min manat cərimə olunub, T.Babazadə barəsində isə 3 il sınaq müddəti təyin edilməklə şərti cəza verilib.

    Xatırladaq ki, daha sonra L.Abdullayevin atası Ç.Abdullayev barəsində cinayət işi başlanılıb, ona 5 maddə üzrə ittiham irəli sürülüb. Ç.Abdullayev barəsində həbs qətimkan tədbiri seçilib. O, CM 145.2.4-cü (qanunsuz azadlıqdan məhrum etmə, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə), 170. 3-cü (yetkinlik yaşına çatmayanı cinayətkar fəaliyyətə cəlb etmə), 178.3.1-ci (dələduzluq, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə təqsirli bilinir. Ç.Abdullayev Azərbaycanda olmadığı üçün onun barəsində axtarış elan olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi