​Bakıda 25 manata görə fəhlə yoldaşını bıçaqlayan şəxsin məhkəməsi keçirilib

​Bakıda 25 manata görə fəhlə yoldaşını bıçaqlayan şəxsin məhkəməsi keçirilib Məhkəmənin növbəti iclası dekabrın 21-nə təyin edilib
Hadisə
14 Dekabr , 2015 13:28
​Bakıda 25 manata görə fəhlə yoldaşını bıçaqlayan şəxsin məhkəməsi keçirilib

Bakı. 14 dekabr. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Ruslan Mikayılovun cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.

"Report"un məlumatına görə, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkən şəxs İbrahim Məhərrəmov ifadə verib.

O, ifadəsində hadisə baş verərkən sərxoş olduğunu bildirib: "Ruslanla birgə fəhlə işləyirdik. Ona 25 manat borcum var idi. Ruslan məndən borcunu tələb etdi. Mən də sərxoş olduğum üçün ona söyüş söydüm. Bundan sonra Ruslan mənə bıçaq zərbəsi endirdi. Günahım olduğu üçün şikayətçi deyiləm".

R.Mikayılov məhkəmədə dindirilən zaman özünü qismən təqsirli hesab edib: "Pulumu istədim, mənə söydü. Mən də onu vurdum. Özümü qismən təqsirli hesab edirəm".

Məhkəmənin növbəti iclası dekabrın 21-nə təyin edilib.

Qeyd edək ki, hadisə bu il baş verib. İ.Məhərrəmovun R.Mikayılova 25 manat pol borcu olub. R.Mikayılov fəhlə yoldaşından pulunu tələb edərkən təhqir olunub. Bundan sonra R.Mikayılov İ.Məhərrəmovu bıçaqla yaralayıb. O, polis əməkdaşları tərəfindən saxlanılıb.

R.Mikayılov Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma) maddəsi ilə ittiham olunur.

Son xəbərlər

Orphus sistemi