​Bakıda 23 yaşlı oğlanı qətlə yetirən şəxslərin məhkəməsi keçirilib

​Bakıda 23 yaşlı oğlanı qətlə yetirən şəxslərin məhkəməsi keçirilib Məhkəmənin növbəti iclası dekabrın 10-na təyin edilib
Hadisə
3 Dekabr , 2015 13:12
​Bakıda 23 yaşlı oğlanı qətlə yetirən şəxslərin məhkəməsi keçirilib

Bakı. 3 dekabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 23 yaşlı Nihad İsmayılovu qətlə yetirməkdə təqsirləndirilən 1963-cü il təvəllüdlü Mirələkbər Səttarov və 1990-cı il təvəllüdlü Xətai Şirinovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

"Report"un xəbərinə görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin - M.Səttarovun müdafiəçisi İkram Abdullayev vəsatət qaldırıb.

Müdafiəçi adları şahid qismində çəkilməyən Yusif Şərifov və Svetlana Baxşəliyevanın məhkəmədə ifadə vermələrini istəyib. Vəsatət təmin edilib.

M.Səttarovun müdafiəçisi növbəti dəfə vəsatət qaldıraraq bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxsin səhhətində problemlər olduğu üçün hadisəni anlaqsız vəziyyətdə törədib. O, M.Səttarovun əvvəllər infarkt keçirdiyi üçün onun tibbi ekspertizadan keçirilməsini istəyib. Vəsatətə növbəti prosesdə baxılacaq.

Daha sonra hakim Faiq Qəniyev bildirib ki, şahid qismində məhkəmədə ifadə verməli olan Gündüz Səfərovun məcburi gətirilməsi ilə bağlı Daxili İşlər Nazirliyinə (DİN) göndərdikləri sorğuya cavab gəlib: "Daxili İşlər Nazirliyinin əməkdaşları göstərilən ünvanda həmin şəxsin valideynləri ilə söhbət aparıb. Gündüz Səfərovun valideynləri oğullarının harada olmasından xəbərsiz olduqlarını deyiblər. Lakin o, ifadə vermək üçün mütləq məhkəməyə gətiriləcək".

Məhkəmənin növbəti iclası dekabrın 10-na təyin edilib.

Qeyd edək ki, hadisə 2014-cü ilin noyabrın 19-da saat 21:30 radələrində, Sabunçu qəsəbəsi, A.Əsədullayev küçəsində baş verib. Qəsəbə sakini, 1991-ci il təvəllüdlü Nihad İsmayılov naməlum şəraitdə qətlə yetirilib. Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 12-ci Polis Bölməsi (PB) əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində N.İsmayılovu qətlə yetirməkdə şübhəli bilinən Sabunçu qəsəbə sakinləri, 1963-cü il təvəllüdlü Mirələkbər Səttarov və 1990-cı il təvəllüdlü Xətai Şirinov tutulub. Hər iki təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham olunurlar.

Son xəbərlər

Orphus sistemi