Yuxarı

Bakıda 22 min manatlıq dələduzluqla üzləşən uşaq həkimi məhkəmədə ifadə verib: "Aldandım"

Bakıda 22 min manatlıq dələduzluqla üzləşən uşaq həkimi məhkəmədə ifadə verib: "Aldandım"

Bakı. 24 iyul. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Cahid İsayevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

Elan olunmuş ittiham üzrə C.İsayev özünü təqsirli bilmədiyini deyib.

Daha sonra zərərçəkmiş Mehriban Məmmədova ifadə verib. O söyləyib ki, C.İsayevi 2012-ci ildən tanıyır. M.Məmmədova qeyd edib ki, 2000-ci illərdən Uşaq Nevroloji Xəstəxanasında həkim vəzifəsində çalışır: "Cahid məni aldatdı, inandırdı ki, tibbi ləvazimatların alınması ilə bağlı pul versəm yaxşı qazanc əldə edəcəyik. Guya dərmanları depolardan alıb, apteklərə satacaqdı. Hələ söhbət əsnasında bildirdi ki, özünün də şirkəti var".

O söyləyib ki, ümumilikdə C.İsayevə 22 min manat pul verib: "Həmin pulun qarşılığında isə 1 ildən sonra artıq pul verəcəyi vədini verdi. Lakin sonradan məni aldatdı. Soruşanda deyirdi ki, "hələ işlər gedir". Bir sözlə ona inanıb, aldandım".

M.Məmmədova ziyanın ödənilməsini tələb etdiyini bildirib.

C.İsayev isə zərərçəkmişin yalan danışdığını söyləyib.

Ali təhsilinin olmadığını deyən təqsirləndirilən şəxs M.Məmmədovadan pulu birlikdə biznes qurmaq adı ilə aldığını deyib : "Mən Türkiyədən dərmanı 6 manat 50 qəpiyə aldım. Səhiyyə Nazirliyindən isə həmin dərmanın sertfikatını aldım. Bakıda isə o dərmanı 23 manat 50 qəpiyə satırdım. Sonralar dərmanı sata bilmədim. Bu barədə də Mehriban Məmmədovaya məlumat verdim. Ondan 22 min 30 manat pul almışam. Qazancı isə yarı böləcəkdik. Ümumilikdə ona 500 manat pul verdim. Dərman satılmadı deyə Mehriban xanımın pulunu qaytara bilmədim. Hazırda həmin dərmanlar depodadır".

Təqsirləndirilən şəxsin sözlərinə görə, bir müddət "Azərfarm" dərman şirkətində satış meneceri vəzifəsində çalışıb.

İttiham aktına əsasən, C.İsayev Familə Abdullayeva ilə Mehriban Məmmədovaya qarşı dələduzluq edib. O, Bakıda həmin şəxslərə yalan vəd verərək depolardan tibbi ləvazimatlar alıb apteklərə satmaq yolu ilə gəlir əldə edəcəklərini bildirib. Qadınlar həmin işin görülməsi müqabilində ona, ümumilikdə, 95 min manat pul verəndən sonra isə C.İsayev verdiyi vədə əməl etməyək onları aldadıb.

Daha sonra F.Abdullayeva ilə M.Məmmədova hüquq-mühafizə orqanlarına müraciət edib.

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində Yardımlı rayon sakini, əvvəllər məhkum olunmuş C.İsayev saxlanılaraq istintaqa təqdim edilib.

O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi