Bakıda 20 min dollar borca görə əmisi oğlunu bıçaqlayan alverçi məhkəmədə ifadə verib

Bakıda 20 min dollar borca görə əmisi oğlunu bıçaqlayan alverçi məhkəmədə ifadə verib Məhkəmənin baxış iclası noyabrın 21-nə təyin edilib
Hadisə
14 Noyabr , 2018 18:00
Bakıda 20 min dollar borca görə əmisi oğlunu bıçaqlayan alverçi məhkəmədə ifadə verib

Bakı. 14 noyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində borca görə əmisi oğlunu bıçaqlamaqda təqsirləndirilən İsmayıl Hümbətovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Bu barədə "Report"a vəkil Gülşən Salmanova məlumat verib.

Onun sözlərinə görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

Elan olunmuş ittiham üzrə İ.Hümbətov özünü təqsirli bildiyini deyib. O, sərbəst ifadəsində söyləyib ki, əmisi oğlu Vasif Hümbətova 30 min dollar borc verib. Lakin sonradan əmisi oğlu ona 10 min dollar qaytarıb. Digər pulu vermədyi üçün aralarında mübahisə yaranıb. Nəticədə o, V.Hümbətovu bıçaqlayıb.

Vəkil deyib ki, zərərçəkmiş V.Hümbətov onu bağışlayıb və heç bir şikayəti yoxdur.

Məhkəmənin baxış iclası noyabrın 21-nə təyin edilib.

İttiham aktına əsasən, İ.Hümbətov xaricdən meyvə-tərəvəz gətirməklə məşğul olan əmisi oğlu Vasif Hümbətova 30 min dollar borc verib. V.Hümbətov İ.Hümbətova biznesini genişləndirmək üçün pul lazım olduğunu, qarşılığında da ona əlavə gəlir verəcəyini bildirib. Daha sonra İ.Hümbətov qayınatası Adəm Hüseynovdan 30 min dollar alaraq əmisi oğluna verib. Bir qədər keçəndən sonra V.Hümbətov işlərinin yaxşı getmədiyini deyib və borcu qaytarmayıb.

İ.Hümbətov özünün "Ford Tranzit" avtomobilini 6 min manata satıb, həyat yoldaşının qızıllarını lombarda qoyaraq 3700 manat götürüb. Həmin pulları qayınatasına qaytarıb.

Daha sonra V.Hümbətov ona 10 min dollar qaytarıb. Qalan 20 min dollar üçün isə hər dəfə bəhanə uyduraraq gecikdirib.

Aralarında mübahisə yarananda isə İ.Hümbətov əmisi oğlunun kürəyindən 3 bıçaq zərbəsi vurub. Daha sonra taksi çağıraraq onu xəstəxanaya aparıb. Həkimlərin müdaxiləsi nəticəsində V.Hümbətovun həyatını xilas etmək mümkün olub.

Daha sonra hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılan İ.Hümbətovun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.

İstintaq dövründə onun barəsində polisin nəzərətinə verilmə qətimkan tədbiri seçilib.

Son xəbərlər

Orphus sistemi