Bakı. 2 may. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində 15 yaşlı qızını qətlə yetirməkdə təqsirləndirilən Nəsib Cabbarovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
"Report"un məlumatına görə, hakim Tamilla Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili vəsatətlə çıxış edib.
O, müvəkkilinin barəsində psixoloji ekspertiza keçirilməsini istəyib.
Məhkəmə vəsatəti təmin edib. Qərara əsasən, işin baxışına xitam verilib. N.Cabbarovun barəsində yenidən təkrar stasyonar psixatrik ekspertiza təyin edilib.
Qeyd edək ki, qətl hadisəsi ötən il iyulun 20-də Xırdalan şəhərində baş verib. Ağdam rayon sakini Aygün Cabbarova kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb.
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən A.Cabbarovanın atası N.Cabbarov tutulub. Sonradan məlum olub ki, 52 yaşlı N.Cabbarov 15 yaşlı qızını əxlaqsız hərəkətlər etməsindən şübhələnərək qısqanclıq zəminində gecə yatdığı amansızlıqla və işgəncə verərək bıçaqla qətlə yetirib.
Məhkəmə dövründə ifadə verən N.Cabbarov bildirib ki, cəbhə bölgəsində aprel ayında aparılan əməliyyatlar zamanı ermənilər tərəfindən atılan qrat 50 metr yaxınlığına düşüb. Ondan sonra başının pozulduğunu deyən təqsirləndirilən şəxs qızını niyə öldürməsini bilmədiyini deyib.
O, Cinayət Məcəlləsi 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla adam öldürmə) və120.2.9-cu maddələri ilə ittiham olunur.