"Bakı Taxıl Terminalı”nın baş texnoloqunu öldürən şəxslərin şikayəti əsasında məhkəmə başlayıb

"Bakı Taxıl Terminalı”nın baş texnoloqunu öldürən şəxslərin şikayəti əsasında məhkəmə başlayıb Qalib Bağırov bu ilin yanvar ayında zorakılıqla qətlə yetirilib
Hadisə
8 Noyabr , 2016 07:05
Bakı Taxıl Terminalı”nın baş texnoloqunu öldürən şəxslərin şikayəti əsasında məhkəmə başlayıb

Bakı. 8 noyabr. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində “Bakı Taxıl Terminalı” Kombinatının direktoru Qalib Bağırovun qətlində təqsirləndirilən Ehtiram Həsənov, Mübariz Əliyev və Mahnurə Hüseynovanın barələrində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.

"Report"un xəbərinə görə, hakim Rizvan Səfərovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti prosesi noyabrın 16-na təyin edilib.

Bu il yanvarın 8-də “Bakı Taxıl Terminalı” MMC-də baş texnoloq işləyən Qalib Bağırovun üzərində zorakılıq əlamətləri olan meyiti yaşadığı Suraxanı rayonu, Hövsan qəsəbəsi, “Bağlar” yaşayış massivindəki evində aşkar olunub. Daxil olmuş məlumat əsasında dərhal prokurorluq və polis əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən hadisə yerinə və meyitə məhkəmə-tibb ekspertinin işitirakı ilə baxış keçirilib, maddi sübutlar götürülüb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.11 (quldurluqla əlaqədar qəsdən adam öldürmə) və 181.3.3-cü ( zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla quldurluq ) maddələri ilə cinayət işi başlanaraq müvafiq ekspertizalar təyin edilib.

Keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Ehtiram Həsənov, Məhnurə Hüseynova və Mübariz Əliyev tutularaq istintaqa cəlb ediliblər.

Müəyyən edilib ki, sözügedən şəxslər qabaqcadan əlbir olaraq həmin gün saat 07:00 radələrində Qalib Bağırovun yaşadığı bağ evinə gəlib çoxsaylı xəsarətlər yetirməklə və iplə boğmaqla onu qəsdən öldürüblər. Sonra mənzildə olan 300 manat, 30 avro, 10 dollar, 10.000 Belarus rublu məbləğində pul vəsaitini, mərhuma məxsus gödəkcə və papağı, mobil telefon və planşeti götürərək hadisə yerindən gediblər.

E.Həsənov, M.Hüseynova və M.Əliyev təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə hər 3 şəxs 20 il müddətə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayəti veriblər.

Son xəbərlər

Orphus sistemi