Yuxarı
    Bağlamaq

    Bakı-Sumqayıt yolunda baş verən qəzada ölənlərin sayı 5 nəfərə çatıb - YENİLƏNİB - 3 - VİDEO

    Qəzaya uğrayan mikroavtobusda ümumilikdə 28 nəfər olub

    Bakı. 9 mart. REPORT.AZ/ Bakı-Sumqayıt yolunda baş verən qəzada ölən 5 tələbədən ikisinin də adı məlum olub.

    Baş Dövlət Yol Polisi İdarəsindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, hadisə nəticəsində 1996-cı il təvəllüdlü Quliyeva Çinarə Azər qızı və 1997-ci il təvəllüdlü Muradov Roza Eynulla qızı dünyasını dəyişib. 

    Qeyd edək ki, qəza zamanı ölən digər 3 nəfər isə 1996-cı il təvəllüdlü Nəsibov İbrahim Xəqani oğlu, 1996-cı ildə anadan olan Quliyev İbrahim Vüqar oğlu və 1997-ci il təvəllüdlü Canıyev Rəşad Füzuli oğludur. 

    *** 11:27

    Bakı-Sumqayıt yolunda qəzaya uğrayan mikroavtobusda ümumilikdə 28 nəfər olub.

    Bu barədə “Report”a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 

    Nazirlikdən bildirilib ki, onlardan 5-i dünyasını dəyişib: "Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilən yaralılardan 3 nəfər travmotologiya, 6 nəfər neyrocərrahiyə, 2 nəfər reanimasiya, 3 nəfər cərrahiyədə müalicə olunur. Bakıdakı 1 saylı Kliniki Tibi Mərkəzdə olan iki xəstənin vəziyyəti isə ağır olaraq qalır".

    *** 10:54

    Bakı-Sumqayıt yolunda baş verən qəzada ölənlərin sayı 5 nəfərə çatıb.

    Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova “Report”a açıqlamasında bildirib ki, Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına 17 nəfər yaralı aparılıb.

    Nazirlik rəsmisi deyib ki, onlardan ikisinə ambulator yardım göstərildikdən sonra evə buraxılıb: "Hazırda xəstəxanada 15 nəfər müalicə olunur. Daha 4 nəfər Bakıdakı 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Onlardan 3-ü ölüb. Bir nəfərin müalicəsi reanimasiya şöbəsində davam etdirilir. 5 yaralı isə Xırdalandakı xəstəxanaya çatrılıb. Onlardan ikisi dünyasını dəyişib. Hazırda yaralıların vəziyyəti orta-ağırdır".

    Onun sözlərinə görə, hazırda nazirliyin qabaqcıl klinikalarının mütəxəssisləri yaralılara lazımi yardımın göstərilməsini təmin etmək üşün xəstəxanalara ezam olunublar. 

    *** 10:38

    Bakı-Sumqayıt yolunda baş verən qəzada ölən tələbələrin adları məlum olub.

    Sumqayıt Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri Nazıxanım Cəlilli "Report"a açıqlamasında bildirib ki, hadisə nəticəsində universitetin Fizika və Elektroenergetika fakültəsinin 3-cü kurs tələbələri Quliyev İbrahim və Nəsibov İbrahim ölüb. 

    Qəza nəticəsində xəsarət alan və 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilən 1999-cu il təvəllüdlü Canıyev Rəşad xəstəxanada dünyasını dəyişib. Mərkəzdən bildirilib ki, o, qəza nəticəsində ağır kəllə-beyin travması alıb.

    Bundan başqa, mərkəzə gətirilən digər 3 nəfərdən biri ilkin tibbi yardımdan sonra evə buraxılıb, digər iki nəfər əməliyyat olunub. 

    *** 10:12

    Bakıdan Sumqayıt istiqamətində gedən "Ford" markalı mikroavtobusun yolunun kənarındakı dəmir yolayrıcına çırpılması nəticəsində baş verən qəzada üç tələbə ölüb.

    Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova “Report”a açıqlamasında bildirib ki, ölənlərdən biri qız, ikisi oğlandır.

    O qeyd edib ki, hər üç şəxs hadisə yerində dünyasını dəyişib.

    S.Əhmədova deyib ki, hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb. 

    1 saylı Kliniki Tibbi Mərkəzin baş həkimi Ədalət Dadaşov "Report"a açıqlamasında bildirib ki, mərkəzə hadisə nəticəsində xəsarət alan 3 nəfər gətirilib.  

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi