Yuxarı
    Bağlamaq

    Bakı-Sumqayıt yolunda 6 nəfərin ölümünə səbəb olan hadisə ilə bağlı daha bir nəfər tutula bilər - MƏHKƏMƏ

    Bəzi tələbələr sürücüdən şikayət olmayıb© Report.az

    Bakı. 6 iyul. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıt yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Namiq Hüseynovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

    "Report" xəbər verir ki, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə Şahid Cavid Quliyev ifadəsində deyib ki, təqdirləndirilən şəxsi sürücü kimi bir müddət əvvəl tanıyıb. O, qəzada xəsarət alanlardan və dünyasını dəyişənlərdən bəzilərini tanıdığını da deyib. Sumqayıt Dövlət Universitetinin tələbəsi olan C.Quliyev qəza zamanı xəsarət almadığını söyləyib.

    Digər şahid Elvin Şəmistanlı da ifadə verib. O, qəza zamanı yol kənarında saxlanan "Zil" markalı maşının sürücüsü olub. Tələbələri daşıyan avtomobil məhz həmin "Zil"in qarşısına çıxması ilə qəza törədib. E.Şəmistanlı deyib ki, maşın xarab olduğu üçün yolda saxlayıb və ustaya zəng edib: "Ustanın gəlmək imkanı olmadı. Yol polisi əməkdaşları gəldi. İki daşı maşının arxasıma qoydum. Polislər lent çəkdi. Mən də çıxıb getdim".

    O, maşında 10 tondan artıq yük olmadığını deyib: "Təxminən 450 daş var idi".

    Hakimin suallarını cavablandıran E.Şəmistanlı maşını qəzadan bir gün əvvəl həmin yolda saxladığını deyib və yol hərəkəti qaydalarını yaxşı bilmədiyini də etiraf edib: "Gecə saat 11 radələrində maşın xarab oldu. 1992-ci ilin maşınıdır. Səhər tezdən usta götürüb gəlirdim. Saat 8-də biz yola çıxdıq. Amma yolda bildik ki, belə bir hadisə olub. Maşın yerə qoyduğumuz daşa dəyib. Daşın aşmasından bildim".

    Hakim maşının texniki baxışdan necə keçdiyini, nasaz olub-olmadığını soruşub.

    E.Şəmistanlı deyib ki, sonuncu dəfə maşın 2015-ci ildə texniki baxışdan keçib: "Sığortası bir gün idi ki, bitmişdi. Artıq maşını satmışam".

    Sualları cavablandıran E.Şəmistanlı belə bir qəzanın baş verməsinə görə təəssüf hissi keçirdiyini deyib: "Həmin gecə usta tapa bilmədim. Yoxsa gələcəkdim. Lenti çəlib getdim. Səhər gələndə qardaşım zəng edib qəzanın baş verdiyini dedi".

    Hakimin  növbəti sualına cavab verən E.Şəmistanlı bildirib ki, yol hərəkəti qaydasını pozduğu üçün cərimələnib: "Dayanma-durma qaydasını pozduğum üçün cərimə edilmişəm".

    Hakim N.Kərimov bildirib ki, məhkəmə dövründə sorğu verilərək onun yol hərəkəti qaydalarını pozub-pozmaması araşdırılacaq və onum əməlinə hüquqi qiymət veriləcək.

    Mərhum tələbələrin valideynləri "Zil" xarab olduğu halda evakuator çağırmamasını sürücüyə irad bildiriblər.

    Valideynlər "Zil"in sürücüsünün də məsuliyyətə cəlb edilməsini istəyib.

    Hakim məhkəmə istintaqının gedişində buna hüquqi qiymət veriləcəyini söyləyib.

    E.Şəmistanlı onu da deyib ki, "Zil" markalı yük maşını onun olmayıb və etibarnamə ilə sürüb.

    Təqdirləndirilən Namiq Hüseynov isə söyləyib ki, qəza zamanı yola daş və lent qoyulmasına şübhə edir: "Xahiş edirəm ki, videogörüntülərə baxılsın. Deyirlər 50 metr aralıda "kubik" qoyublar. Amma məsafə 10 metr olmazdı. Lent də olmayıb. Həmin lent sonradan da qoyula bilər".

    Zərərçəkmiş Təranə Kərimova qəza zamanı yüngül xəsarət aldığını söyləyib. O, təqsirləndirilən şəxsdən şikayət və tələbinin olmadığını deyib.

    "Qəzadan sonra məni Namiq çıxardı. Mən də Rozanın əlindən tutdum. Taksi ilə xəstəxanaya getdim. Namiq mənə uşaqların bir neçəsinin telefonunu verdi. O da taksidə qaldı" - deyə, zərərçəkmiş bildirib.

    Məhkəmədə qəza zamanı bəzi zərərçəkmişlərin telefonunun itdiyi də məlum olub

    N.Hüseynov deyib ki, qəzada tələbələrdən Rəşad və Çinarənin telefonu itib.

    Məhkəmədə digər zərəçəkmiş tələbələr də ifadə verib. Onlar şikayət və tələblərinin olmadığını deyiblər.

    Qeyd edək ki, bu il martın 9-da saat 08:00 radələrində Abşeron rayonu ərazisində Sumqayıt şəhər sakini Namiq Hüseynovun idarə etdiyi "Ford" markalı mikroavtobus yolun hərəkət hissəsində dayanmış həmyerlisi Elvin Şəmistanlıya məxsus "ZİL" markalı yük avtomobilinin arxa hissəsinə çırpılıb.

    Nəticədə mikroavtobusda olan Sumqayıt Dövlət Universitetində təhsil alan 6 tələbə - Fizika və elektroenergetika fakültəsinin III kurs tələbələri İbrahim Quliyev, İbrahim Nəsibov, Tarix və coğrafiya fakültəsinin III kurs tələbələri Çinarə Quliyeva, Rəşad Caniyev, Roza Muradova, 1999-cu il təvəllüdlü Lalə Nəsirzadə ölüb, daha 21 tələbə yaralanıb.

    Faktla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat Şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. Mikroavtobusun sürücüsü N.Hüseynov şübhəli şəxs qismində məsuliyyətə cəlb olunub. Daha sonra onun barəsində həbs qətimkan tədbiri seçilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi