Bakı-Sumqayıt yolunda 6 nəfərin ölümünə səbəb olan "Ford"un digər mikroavtobusla ötüşdüyü təsdiqlənib

Bakı-Sumqayıt yolunda 6 nəfərin ölümünə səbəb olan "Ford"un digər mikroavtobusla ötüşdüyü təsdiqlənib Proses iyulun 20-də davam etdiriləcək
Hadisə
18 İyul , 2017 17:35
Bakı-Sumqayıt yolunda 6 nəfərin ölümünə səbəb olan Fordun digər mikroavtobusla ötüşdüyü təsdiqlənib
Report

Bakı. 18 iyul. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı-Sumqayıt yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Namiq Hüseynovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə qəza zamanı zərərçəkmiş Aydan Mürsəlzadə iştirak edib. Göz yaşlarını saxlaya bilməyən zərərçəkmiş ifadə verə bilməyib. Qəzadan sonra müalicə alan tələbə hələ də hadisənin şokunda olduğundan dindirilməyib.

Digər zərərçəkmiş tələbə Aytən Quluzadə məhkəmədə ifadə verib. O, qəza zamanı baş nahiyyəsindən xəsarət aldığını və həmin an baş verənləri xatırlamadığını deyib.

Digər zərərçəkmiş İlahə Alışova isə ifadəsində deyib ki, qəza zamanı qulaqcıqla mahnıya qulaq asdığı üçün heç nə görməyib: "Qəza olanda hiss elədim. Səs-küyə başımı qaldırdım. Sonrasını xatırlamıram".

İlahə Alışova qəzadan sonra Sumqayıt xəstəxanasında ona düzgün diaqnoz qoyulmadığını deyib: "Bakıya qayıdıb xəstəxanaya getdik. Ağ ciyərimdə zədə var idi. İki qabırğam əzilmişdi. Müalicə alıram".

Zərərçəkmiş sürücüdən şikayətinin olmadığını deyib.

Digər zərərçəkmişlər və şahidlər barəsində məhkəməyə məcburi gətirilmə qərarı çıxarılsa da, onlar prosesə gəlməyiblər.

Fasilədən sonra məhkəməyə zərərçəkmiş tələbələrdən Tağıyev Samir də gəlib. O ifadəsində söyləyib ki, qəza zamanı huşunu itirib və oyananda xəstəxanada olub: "Oturmağa yer yox idi. Biz ayaq üstə gedirdik. Qabağı görmürdüm. İki il idi ki, həmin maşınla gedirdim. Qəzanın necə baş verdiyini xəstəxanada ayılanda bildim. Başım dəmirə dəyəndə huşumu itirdim".

O, Namiq Hüseynova qanun çərçivəsində cəza verilməsini istəyib.

Məhkəmədə Namiq Hüseynovun vəkili Şirin Atayev vəsatətlə çıxış edərək qəza zamanı tələbələrin olduğu "Ford" markalı maşınla ötüşdüyü deyilən yaşıl rəngli "Ford"un sürücüsünün də dindirilməsini istəyib.

Vəkil deyib ki, həmin maşının sürücüsü Namiq Hüseynovun idarə etdiyi maşına ötmək üçün şərait yaratmayıb.

Qəza zamanı dünyasını dəyişən İbrahim Nəsibovun anası Xatirə Nəsibova məhkəmədən söz istəyib.

Zərərçəkmiş kimi tanınan Xatirə Nəsibova bildirib ki, hadisə baş verən zaman maşınlar ötüşürmüş: "Uşaqlar da deyir ki, bunlar əvvəlcədən mərc ediblər. Ötüşüblər də... Qəza olanda həmin yaşıl "Ford"un sürücüsü maşını saxlamayıb. Amma ittiham aktında yazılıb ki, guya qəza zamanı həmin maşın saxlayıb və tələbələrə kömək ediblər. Yas mərasimində iştirak edən tələbələr arasında həmin yaşıl "Ford"da olan tələbələr də var idi. Onlar bizə dedilər ki, bunlar ötüşürdülər. Qəza olan yaşıl "Ford"un sürücüsü dayanmayıb. Maşında olan tələbələr dayan deyib. Uşaqlara deyib ki, "ağrımayan başımı ağrıda bilmərəm". O adam da günahkardır".

Hakim bildirib ki, yaşıl rəngli "Ford"un sürücüsü iş üzrə şahid kimi tanınıb. Növbəti prosesdə onun dindirilməsi təmin ediləcək.

Proses iyulun 20-də davam etdiriləcək.

Qeyd edək ki, bu il martın 9-da saat 08:00 radələrində Abşeron rayonu ərazisində Sumqayıt şəhər sakini Namiq Hüseynovun idarə etdiyi "Ford" markalı mikroavtobus yolun hərəkət hissəsində dayanmış həmyerlisi Elvin Şəmistanlıya məxsus "ZİL" markalı yük avtomobilinin arxa hissəsinə çırpılıb.

Nəticədə mikroavtobusda olan Sumqayıt Dövlət Universitetində təhsil alan 6 tələbə - Fizika və elektroenergetika fakültəsinin III kurs tələbələri İbrahim Quliyev, İbrahim Nəsibov, Tarix və coğrafiya fakültəsinin III kurs tələbələri Çinarə Quliyeva, Rəşad Caniyev, Roza Muradova, 1999-cu il təvəllüdlü Lalə Nəsirzadə ölüb, daha 20 tələbə yaralanıb.

Faktla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat Şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. Mikroavtobusun sürücüsü N.Hüseynov şübhəli şəxs qismində məsuliyyətə cəlb olunub. Daha sonra onun barəsində həbs qətimkan tədbiri seçilib.

Son xəbərlər

Orphus sistemi