Bakı Şəhər Prokurorluğunun sabiq müstəntiqinə hökm oxunub

Bakı Şəhər Prokurorluğunun sabiq müstəntiqinə hökm oxunub Bakı şəhər Prokurorluğunun sabiq müstəntiqi Samir Kərimov 1 il müddətinə şərti azadlıqdan məhrum edilib və ehtiyatda olan polis zabiti Ramin Talıbova isə bəraət verilərək məhkəmə zalından azadlığa buraxılıblar.
Hadisə
7 Aprel , 2023 16:55
Bakı Şəhər Prokurorluğunun sabiq müstəntiqinə hökm oxunub

Bakı Şəhər Prokurorluğunun sabiq müstəntiqi Samir Kərimov və ehtiyatda olan polis zabiti Ramin Talıbova hökm oxunub və onların hər ikisi məhkəmə zalından azadlığa buraxılıblar.

"Report" xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Qərara əsasən, məhkəmə tərəfindən təqsirləndirilən şəxs S.Kərimov 7 il müddətinə azadlıqdan məhrum edilib. Lakin ona münasibətdə Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunub və S.Kərimov 1 il sınaq müddəti ilə şərti azadlıqdan məhrum edilib. Digər təqsirləndirilən R.Talıbovun isə cəlbetmə müddəti keçdiyinə görə ona cəza təyin olunmayaraq məhkəmə zalından azadlığa buraxılıb.

İttihama görə, 2001-ci ildə Bakı Şəhər Prokurorluğunun mühüm işlər üzrə müstəntiqi işləyən S.Kərimov Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin əməkdaşı, polis zabiti Ramin Talıbov və digər polis əməkdaşlarının müşayiəti ilə Hindistan vətəndaşlarının işlədiyi yuyucu toz satışı ilə məşğul olan şirkətə gedib. Sabiq müstəntiq şirkətə baxış keçirib, hindistanlıları yararsız yuyucu tozlar satmaqda ittiham edib.

Bundan sonra müstəntiq məsələnin bağlaması üçün Hindistan vətəndaşlarından 20 min dollar rüşvət alıb. Təqsirləndirilən R.Talıbov isə həmin vaxt sahə inspektoru kimi fəaliyyət göstərib, müstəntiqin tələbi ilə onunla birgə gedib.

Bir müddət sonra müstəntiqin əməlinin üstü açılıb, o, prokurorluq orqanlarından xaric olunub. Həmin vaxtdan isə S.Kərimov ölkəni tərk edib. Faktla bağlı S.Kərimov və R.Talıbov barəsində cinayət işi açılıb.

S.Kərimova Cinayət Məcəlləsinin 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə, Ramin Talıbova isə 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 309 (vəzifə səlahiyyətlərini aşma) maddələri üzrə ittiham elan olunub.

Samir Kərimov ölkədə olmadığı üçün barəsində həbsli axtarış elan olunub. Ramin Talıbov isə zaminə buraxılıb.

20 il sonra, 62 yaşında Bakıya qayıdan Samir Kərimov hüquq-mühafizə orqanları tərəfindən keçirilən əməliyyat zamanı həbs olunub. Onun barəsində həbs-qətimkan tədbiri seçilib.

Son xəbərlər

Orphus sistemi