Bakı Şəhər Prokurorluğunun həbsdə olan sabiq əməkdaşı məhkəmədə ifadə verib

Bakı Şəhər Prokurorluğunun həbsdə olan sabiq əməkdaşı məhkəmədə ifadə verib Bakı. 18 dekabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanovun bacanağı Müsənnif Talıbovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hadisə
18 Dekabr , 2018 14:35
Bakı Şəhər Prokurorluğunun həbsdə olan sabiq əməkdaşı məhkəmədə ifadə verib
0 : 00
0 : 00

Bakı. 18 dekabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanovun bacanağı Müsənnif Talıbovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Bakı Şəhər Prokurorluğunun Təşkilat-analitik şöbəsinin böyük mütəxəssisi-dəftərxananın sabiq müdiri Elçin Qurbanov ifadə verib.

O bildirib ki, səhhəti ilə bağlı 2014-cü ildə Türkiyəyə gedən zaman M.Talıbov onu Amid Hüseynovla tanış edib: "Müsənnif mənim həm xalam oğludur, həm də bacımın həyat yoldaşıdır. Türkiyədə olanda Müsənnif məni Amidlə tanış etdi və Qara Qarayevdə qonşu olduqlarını söylədi. Xəstəxanaya gedəndə Amid bizə yardımçı oldu. Sonra Bakıda işdə olan zaman Amid gəldi. Mən də həmin vaxt Bakı Şəhər Prokurorluğunda çalışırdım. Xahiş etdi ki, atası həbsdədir ona hüquqi yardım göstərim. Mən də ona vəkil tutmasını dedim. O, atasının həbsdən azad olunması üçün əfv yazmasına yardımçı olmağımı xahiş etdi. Ona yalnız hüquqi yardım göstərdim".

E.Qurbanovun sözlərinə görə, A.Hüseynov ona zəng edib, hədə-qorxu gəlib: "Məni hədələdi ki, guya Müsənnif, oğlu və mən ondan, ümumilikdə, 30 min manat pul almışam. Heç nə başa düşmədim, dayanmadan söyüş söyürdü. Mən də telefonu bağladım. Bir qədər keçəndən sonra rəisim otağına çağırıb Amidin şikayətçi olduğunu bildirdi. Daha sonra barəmizdə cinayət işi başlanıldı və mən həbs edildim".

Məhkəmədə elan olunub ki, E.Qurbanovun barəsində irəli sürülmüş ittihama əsasən, o, Amid Hüseynovun atasını həbsdən azad etdirmək adı ilə ondan 10 min manat pul alıb.

E.Qurbanov isə bunun yalan olduğunu, A.Hüseynovun şər-böhtanı əsasında həbs edildiyini söyləyib.

Məhkəmənin növbəti iclası 2019-cu ilin yanvar ayının 8-nə təyin edilib.

İttiham aktına əsasən, M.Talıbov qonşusu Amid Hüseynovun atasını həbsdən azad edəcəyi və onun torpaq sahəsinə sənəd əldə edəcəyi vədi verib. M.Talıbov bu işlərin qarşılığında həmin şəxsdən, ümumilikdə, 30 min manat pul alıb.

Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə S.Qurbanov 14 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Bakı Şəhər Prokurorluğunun yaydığı məlumata əsasən, E.Qurbanov 2018-ci il fevralın 21-də Bakı şəhər Prokurorluğunun Təşkilat-analitik şöbəsinin böyük mütəxəssisi-dəftərxana müdiri vəzifəsindən azad edilib. Xətai Rayon Məhkəməsinin hökmü ilə o, 4 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

Son xəbərlər

Orphus sistemi