Yuxarı

Bakı şəhər prokurorluğu İlhamə Quliyevanın ölümü ilə bağlı rəsmi məlumat yayıb

Hazırda rayon prokurorluğunda araşdırmalar davam etdirilir

Bakı. 26 fevral. REPORT.AZ/ Bakı şəhər prokurorluğu xalq artisti İlhamə Quliyevanın ölümü ilə bağlı rəsmi məlumat yayıb. “Report”a daxil olan rəsmi məlumatda bildirilib ki, fevralın 25-də saat 12:30 radələrində İlhamə Quliyevanın yaşadığı ünvanda vəfat etməsi barədə Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsindən daxil olmuş məlumat əsasında rayon prokurorluğunun əməkdaşları məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçiriblər. Baxış zamanı meyit üzərində zorakılığa xas olan xəsarət və xəsarət izləri aşkar edilməyib.

İlkin araşdırmalarla müəyyən edilib ki, 8 saylı Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının təcili yardım briqadası çağırış əsasında həmin gün saat 11:25-də İ.Quliyevanın yaşadığı ünvana gəlib və tibbi müayinə zamanı ölüm faktını qeydə alıb. Mərhumənin oğlu Orxan Nadirov və yaxın qohumlarının xahişi ilə meyit ölümün səbəblərinin müəyyən edilməsi üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin Yasamal rayon şöbəsinə göndərilib.

Birliyin Yasamal rayon şöbəsi tərəfindən aparılmış ilkin müayinələrlə müəyyən edilib ki, ölümə səbəb hipertoniya və ürəyin işemik xəstəliyi nəticəsində hipertrofiyalaşmış ürək çatışmazlığı və qan dövranının pozulması olub.

Hazırda rayon prokurorluğunda araşdırmalar davam etdirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi