Yuxarı

Bakı Şəhər Baş Polis İdarəsinin ötənilki fəaliyyəti tənqid olunub

Bakı polisinin idarəçilik fəaliyyətində nöqsanlara yol verildiyi açıqlanıb

Bakı polisinin idarəçilik fəaliyyətində nöqsanlara yol verildiyi açıqlanıb

Bakı. 23 yanvar. REPORT.AZ/ Yanvarın 23-də daxili işlər naziri general-polkovnik Ramil Usubovun iştirakı ilə Bakı Şəhər Baş Polis İdarəsində 2014-cü ilin yekunlarına həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib. Bu barədə “Report”a DİN-in mətbuat xidmətindən bildirilib.

Müşavirəni nazir açıb. Bildirilib ki, ötən il qanunla müəyyən edilmiş vəzifələr, o cümlədən vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi, cinayət törətmiş şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində məqsədyönlü tədbirlər davam etdirilsə də, paytaxt polisinin xüsusən idarəçilik fəaliyyətində nöqsanlara yol verilib.

Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidov hesabat dövründə cinayətkarlıqla mübarizə, ictimai qaydanın və təhlükəsizliyin təmini, xidməti fəaliyyətin digər sahələrində həyata keçirilmiş tədbirlər və qarşıda duran vəzifələr barədə geniş məruzə ilə çıxış edib.

O deyib ki, hesabat dövründə Bakı şəhərində qeydə alınmış 11 635 cinayətin 84,6%-i az ağır və böyük ictimai təhlükə törətməyən cinayətlərdir. Əvvəlki illə müqayisədə qəsdən adam öldürmələr 3,4%, adam öldürməyə cəhdlər 31,8%, zorlamalar 2,1 dəfə, adam oğurluğu faktları 6 dəfə azalıb, qəsdən sağlamlığa ağır zərər vurmalar sabit qalıb.

Cinayətlərin 71,7%-nin, ağır növlərinin 75%-nin, qeyri-aşkar şəraitdə baş verənlərin 59%-nin açılması təmin olunub. Şəxsiyyət əleyhinə olan 1 914 cinayətdən 92%-i, o cümlədən qəsdən adam öldürmələrin 91,3%-i, adam öldürməyə cəhdlərin hamısı açılıb.

Müqayisə edilən dövrə nisbətdə adam oğurluqlarının açılması 30%; mənzillərdən edilən oğurluqların açılması 5,5%; avtonəqliyyat oğurluqlarının açılması 18,4%; soyğunçuluqların açılması 8,7%; zorlamaların açılması 13,1%; qəsdən sağlamlığa az ağır zərər vurmaların açılması 2,9%; xuliqanlıqların açılması 2,2%; ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin açılması 0,5% yaxşılaşıb.

Cinayətlərin profilaktikasında və açılmasında müasir informasiya texnologiyalarının tətbiqinin də böyük əhəmiyyəti olub, Baş İdarənin və ərazi polis orqanlarının “Təhlükəsiz şəhər” xidmətinin əməkdaşları tərəfindən 2734 hadisə aşkarlanıb, kameraların arxiv görüntülərindən istifadə edilməklə 47 bağlı cinayət açılıb.

Ötən il təqsirləndirilən şəxs qismində axtarışda olanların 73%-i, ağır və xüsusilə ağır cinayətlərə görə axtarılanların isə 60,7%-i tutulub. Bununla yanaşı, 59 soyğunçuluq və quldurluq cinayəti törətmiş 131 nəfərdən ibarət 54 qrup, eləcə də mənzillərdən 91 oğurluq törətmiş 86 nəfərdən ibarət 35 cinayətkar qrup zərərsizləşdirilib.

1414 fakt üzrə qanunsuz dövriyyədən 230 kiloqram narkotik vasitə çıxarılıb. Hesabat dövründə 81 odlu silah, o cümlədən 36 avtomat, 18 tapança, 23 tüfəng, 1 qumbaratan, 3 pulemyot, 101 qumbara, 6 mərmi, 5195 ədəd döyüş patronu yığılıb, əməliyyat yolu ilə 31 odlu silah götürülüb.

Cinayət işlərinin istintaqının və təhqiqat araşdırmalarının qanunvericiliyə uyğun şəkildə aparılması, yol təhlükəsizliyinin nümunəvi təmin olunması, əhaliyə şəxsiyyət vəsiqələrinin verilməsi, vətəndaşların ərizə və şikayətlərinə həssaslıqla yanaşılması, onların qəbulunun keçirilməsi və xidməti fəaliyyətin digər önəmli sahələrində də kifayət qədər işlər görülüb, müsbət nəticələr əldə edilib.

Baş İdarənin rəisi, eyni zamanda, əməliyyat-xidməti fəaliyyətdə buraxılmış nöqsanlar, xüsusən, cinayətlərin ümumrespublika göstəricilərindən aşağı olan açılma faizinin yaxşılaşdırılması ilə bağlı qarşıda duran vəzifələr barədə də geniş məlumat verib.

Çıxış edənlər əldə olunmuş müsbət nəticələrdən, həmçinin, yol verilmiş nöqsan və çatışmazlıqlardan, onların aradan qaldırılması üçün görəcəkləri tədbirlərdən danışıblar.

Müşavirəyə yekun vuran nazir 2014-cü ildə paytaxtın polis orqanlarının cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsindəki fəaliyyətini ümumən müsbət qiymətləndirib, müşavirə iştirakçılarının diqqətini qarşıda duran bir sıra həlli vacib məsələlərə yönəldib, tapşırıq və tövsiyyələrini verib, nöqsanların aradan qaldırılması yollarını göstərib.

O, ötən ilin sonlarında Bakı şəhər Baş Polis İdarəsi rəhbərliyinin idarəçilik və təşkilatçılıq fəaliyyətinin yoxlanıldığını, nəticələrinin Naziryanı əməliyyat müşavirəsində müzakirə olunaraq qarşıda duran vəzifələrin müəyyən edildiyini, aşkarlanmış nöqsanların planlı surətdə aradan qaldırılmasının zəruriliyini vurğulayıb.

Ramil Usubov Baş İdarənin və onun struktur qurumlarının rəislərindən fəaliyyətin təkmilləşdirilməsini, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi məqsədilə analitik işin səviyyəsinin yüksəldilməsini, bu əsasda idarəçilik və təşkilatçılıq fəaliyyətinin günün tələbləri səviyyəsində qurulmasını, icra və xidməti intizamın daha da möhkəmləndirilməsini tələb edib.

Xüsusi qeyd olunub ki, bu gün öz xidməti vəzifələrini uğurla yerinə yetirməsi üçün ölkə rəhbərliyi tərəfindən daxili işlər orqanlarına hər cür şərait yaradılıb, əməkdaşlar dövlətin yüksək diqqət və qayğısı ilə əhatə olunublar. Bu ali etimada cavab olaraq şəxsi heyətin hər bir üzvü üzərinə düşən vəzifəni nümunəvi yerinə yetirməli, Vətəninə, dövlətinə, xalqına sədaqətlə xidmət etməlidir.

Daxili işlər naziri müşavirə iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi əmin edib ki, Bakı Şəhər Baş Polis İdarəsinin şəxsi heyəti cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmini sahəsində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcək.

Qeyd edək ki, ötən il noyabrın əvvəlində Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Rafiq Abbasov tutduğu vəzifədən çıxarılıb. DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidov tutduğu vəzifədən azad olunaraq Bakı Şəhər Baş Polis İdarəsinin rəisi təyin olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi