Yuxarı

Bakı sakinini öldürüb, oğlunu bıçaqlayan şəxsin məhkəməsi başlayıb

Təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib

Bakı. 19 avqust. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Elməddin Ağayevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası avqustun 30-na təyin edilib.

Qeyd edək ki, hadisə sentyabrın 19-da Xətai rayonu, Nobel prospekti, 110 ünvanında qeydə alınıb. 50 yaşlı Ələddin Qarayev oğlunun toyuna 12 gün qalmış qətlə yetirilib. Belə ki, Ə.Qarayevin oğlu Əmrah Qarayev Nobel prospekti-110 ünvanında yerləşən "Lion" kafesində kafe sahibinin mühafizəçisi E.Ağayevlə mübahisə edib, aralarında dava olub. Daha sonra Ə.Qarayev kafenin yaxınlığındakı evinə gedib.

E.Ağayev və qardaşı Niyaməddin Ağayev bıçaqla silahlanaraq, Əmrah Qarayevin yaşadığı evə gəliblər. Evin qarşısında tərəflər arasında növbəti dəfə dava düşüb. E.Ağayev əlindəki bıçaqla Ə.Qarayevin boğaz nahiyəsinə xəsarət yetirib. Ə.Qarayevin atası Ə.Qarayev evdən beysbol ağacı götürərək qapıya çıxıb və oğluna kömək etməyə çalışıb. E.Ağayev onu da bıçaqlayıb. Hər iki şəxs xəstəxanaya aparılarkən, Ə.Qarayev yolda ölüb. Onun oğlu Ə.Qarayev isə 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb.

Cinayəti törədən qardaşlardan biri - N.Ağayev hadisədən bir neçə gün sonra İrana qaçmaq istəyərkən həbs edilib, digər qardaşı E.Ağayev isə İran ərazisinə keçə bilib. Daha sonra o da həbs edilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi