​Bakı sakinini bıçaqlayan şəxsə hökm oxunub

​Bakı sakinini bıçaqlayan şəxsə hökm oxunub O, 3 il müddətinə azadlıqdan məhrum edilib
Hadisə
25 Aprel , 2016 10:22
​Bakı sakinini bıçaqlayan şəxsə hökm oxunub

Bakı. 25 aprel. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Tural Adıgözəlzadənin cinayət işi üzrə məhkəməsi başa çatıb.

"Report"un məlumatına görə, hakim Azad Məcidovun sədrliyi keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə T.Adıgözəlzadə 3 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, cinayət hadisəsi ötən il iyul ayında Biləcəri qəsəbəsində baş verib. Lənkəran rayon sakini T.Adıgözəlzadə əvvəl telefonda Biləcəri sakini Bəhruz Hacıyevlə mübahisə aparıb. Daha sonra o, yaşadığı Lənkəran rayonundan Bakıya gəlib və B.Hacıyevlə görüşüb. Mübahisədən sonra T.Adıgözəlzadə bıçağa əl atıb. O, B.Hacıyevi bıçaqlayıb. Hadisədən sonra T.Adıgözəlzadə yenidən Lənkərana qayıdıb. Polis əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində o, saxlanılıb.

T.Adıgözəlzadə Cinayət Məcəlləsinin 126.1 (qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma) maddəsi ilə ittiham olunub.

Son xəbərlər

Orphus sistemi