Bakı. 4 iyul. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Nahid Abbaslının cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
"Report"un məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə N.Abbaslı 5 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə bu il yanvarın 13-də Bakının Sabunçu rayonunda baş verib. Bakı şəhər sakini Ramin Babayev naməlum şəraitdə bıçaqlanıb.
Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 12-ci Polis Bölməsinin (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Yardımlı rayon sakini, əvvəllər məhkum olunmuş N.Abbaslı tutulub.
O, Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma) maddəsi ilə ittiham olunub.