Yuxarı

​Bakı sakininə qarşı quldurluq edən şəxslərin şikayəti əsasında məhkəmə başlayıb

Məhkəmənin baxış iclası avqustun 8-nə təyin edilib

Bakı. 26 iyul. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində quldurluq etməkdə təqsirləndirilən Sərvan Ramazanov və Şahin Şəfiyevin barələrində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

“Report”un xəbərinə görə, hakim Vaqif Mursaqulovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası avqustun 8-nə təyin edilib.

Qeyd edək ki, hadisə Bakının Nizami rayonu, Çobanzadə küçəsi 35 ünvanında baş verib. İki nəfər naməlum şəxs gecə saatlarında piyada evlərinə gedən Taleh Ağayevin qarşısını kəsib. Onlar T.Ağayevin boğazına bıçaq dirəyərək, 2 ədəd mobil telefonunu alıblar.

T.Ağayev quldurluq hadisəsi ilə üzləşməsi ilə bağlı 24-cü Polis Bölməsinə şikayət edib. Onun şikayəti əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhər sakini Ş.Şəfiyev və Bərdə rayon sakini S.Ramazanov tutulublar.

Həmin şəxslər Cinayət Məcəlləsinin 181.2.1-ci (qulduruluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 181.2.4-cü (qulduruluq, zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 181.2.5-ci (qulduruluq, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) maddələri ilə ittiham olunublar.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Ramazanov 9 il, Ş.Şəfiyev 8 il müddətinə azadlıqdan məhrum ediliblər. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayəti veriblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi