Yuxarı

Bakı polisi məktəbliləri maarifləndirdi

​Bakı polisi məktəbliləri maarifləndirdi

312

© Report/Elchin Murad

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) İctimai Təhlükəsizlik İdarəsi və Səbail Rayon Polis İdarəsinin (RPİ) təşkilatçılığı ilə paytaxtın 132-134 nömrəli Təhsil Kompleksində “Narkomaniya bəşəriyyətin bəlasıdır”, “Erkən nikaha və zərərli vərdişlərə yox deyək" mövzularında maarifləndirmə tədbiri keçirilib.

"Report"un xəbərinə görə, tədbirdə Baş İdarəsinin, Səbail RPİ-nin əməkdaşları, din xadimi, könüllülər, məktəb müəllimləri və şagirdləri iştirak ediblər.

BŞBPİ-nin İctimai Təhlükəsizlik İdarəsinin bölmə rəisi, polis polkovnik-leytenantı Məryəm Ömərova narkotik vasitələrə aludəçiliyin hüquq pozuntuları üçün şərait yaratdığını, ailələrin və bütövlükdə cəmiyyətin inkişafını ləngitdiyini vurğulayıb. O, son illər Azərbaycanda bu sahədə məqsədyönlü tədbirlər həyata keçirildiyini, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin gücləndirildiyini bildirib.

BŞBPİ-nin İctimai Təhlükəsizlik İdarəsinin baş inspektoru, polis mayoru Kəmalə Ələkbərova çıxış edərkən erkən nikah və onun fəsadları barəsində məktəblilərə məlumat verərək qızların erkən yaşda ailə həyatı qurmağa məcbur edilmələrini, onların təhsilinə bir fərd kimi inkişafına mane olduğunu, o cümlədən psixologiyasına mənfi təsir göstərdiyini, gələcəyi üçün yaxşı heç nə vəd etmədiyini qeyd edib.

K.Ələkbərova həmçinin erkən nikahların qarşısının alınması istiqamətində görülən tədbirlərdən, bu cür halların sağlam cəmiyyətə zərbələrindən də söz açıb.

Səbail RPİ-nin şəxsi heyət üzrə rəis köməkçisi, polis polkovnik-leytenantı Emil Cavadov narkotiklərin qanunsuz dövriyyəsinə qarşı polis orqanları tərəfindən aparılan sərt mübarizədən və əldə olunan nəticələrdən danışıb.

O bildirib ki, bu gün polis əməkdaşları həm də maarifləndirmə tədbirlərinə böyük önəm verməklə yeniyetmə və gənclərin gələcəkdə “ağ ölüm”ün pəncəsinə düşməməsi üçün səylərini davam etdirir. Gələcəyin qurucuları olan məktəblilər də bu məsələdə daha həssas olmalı, zərərli vərdişlərə meyl etməməli, diqqətlərini təhsilə, idmana yönəltməlidirlər.

Tədbirin sonunda məktəblilər polis əməkdaşlarına suallar veriblər. Məktəblilərin ünvanladığı suallar polis əməkdaşları tərəfindən cavablandırılıb.

Qeyd edək ki, paytaxtda polis tərəfindən həyata keçirilən kompleks maarifləndirmə tədbirlərinin təbliğində "Report" İnformasiya Agentliyi dəstəyini nümayiş etdirir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi