Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq Təcridxanasına narkotik maddə keçirilməsi cəhdlərinin qarşısı alınıb.
Bu barədə "Report"a Xidmətdən bildirilib.
Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həbs edilmiş şəxs Ramiz Quliyevlə görüşə gələn bacısı tərəfindən gətirilən sovqata baxış keçirilən zaman orada olan köynəyin cibində kağıza bükülərək gizlədilmiş, ümumi çəkisi 0,094 qram olan narkotik maddə - heroin aşkar olunub.
Bundan başqa, Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək həbs edilmiş şəxs Həsən Əbdülhüseynov Təcridxanaya qəbul edilərkən onun şəxsi əşyalarına və üzərinə baxış keçirilib. Baxış zamanı əynindəki alt geyiminin çiyin hissəsinə xüsusi üsulla hopdurularaq gizlədilmiş, ümumi çəkisi 0,135 qram olan narkotik maddə - heroin aşkar olunub.
Hər iki faktla bağlı araşdırma aparılır.