Bakı. 28 aprel. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təsdirləndirilən 1968-ci il təvəllüdlü Mahir Əmrahovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
"Report"un məlumatına görə, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub.
Məhkəmənin hökmü ilə M.Əmrahov 10 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, M.Əmrahovun dələduzluq etdiyi şəxslərdən biri Bakı Dövlət Universitetinin (BDU) fəlsəfə üzrə dosenti Rəcəbəli Əliyev olub. R.Əliyev bacısının Maştağada olan 48 sot torpaq sahəsinin sənədləşdirilməsi üçün M.Əmrahova 14 min 500 manat verib.
Digər zərərçəkmiş isə BDU-nun müəllimi Nazim Ağayevdir. N.Ağayev isə 7950 manat pul verərək, Nərimanov rayonundakı mağazasının sənədləşdirilməsini istəyib. Lakin M.Əmrahov həmin pulu dələduzluq yolu ilə ələ keçirib.
M.Əmrahov digər zərərçəkmiş Tahir Rzayevin Ramanada olan torpaq sahəsinin sənədləşdirilməsi üçün 7845 manat pul alaraq, verdiyi vədə əməl etməyib. O, Nizami Məmmmədova qarşı da dələduzluq edib. Belə ki, N.Məmmədov Nizami rayonunda olan avtoyuma məntəqsinin sənədləşdirlməsi üçün ona 2 min manat pul verib.
M.Əmrahov Cinayət Məcəkləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda) maddəsi ilə ittiham olunub.