Yuxarı

Bakıda bankomat partladılıb, içərisində olan pullar aparılıb

Faktla bağlı Cinayət Məcəlləsinin 181.2.1-ci və 181.2.5-ci (quldurluq) maddələri ilə cinayət işi başlanıb

Bakı. 10 oktyabr. REPORT.AZ/ Bakının Sabunçu rayonunda Azərbaycan Beynəlxalq Bankına məxsus bankomat partladılaraq içərisində olan pullar aparılıb. “Report”un Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən verdiyi məlumata görə, hadisə oktyabrın 10-da baş verib.

Belə ki, saat 5 radələrində DİN-in “102 Zəng Mərkəzi”nə Sabunçu rayonu Bilgəh qəsəbəsinin ərazisində partlayış səsinin eşidilməsi barədə məlumat daxil olub.

Araşdırmalar zamanı Ü.Hacıbəyov küçəsində yerləşən mağazanın önündə “Beynəlxalq Bank”a məxsus bankomatın partladılması və içərisindəki pul olan qutunun aparılması müəyyən edilib.

Mağazanın mühafizəçisi İkram Mirzəyev izahatında bildirib ki, 3 maskalı şəxs avtomat silahla onu hədələyərək əl-ayağını yapışqanlı lentlə bağlayıb “VAZ-2107” markalı avtomobilin yük yerində aparıb, bir neçə dəqiqədən sonra isə yenidən mağazanın qarşısında düşürüblər.

Faktla bağlı Cinayət Məcəlləsinin 181.2.1-ci və 181.2.5-ci (quldurluq) maddələri ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi