​Bacısının nişanlısını qətlə yetirməkdə təqsirləndirilən şəxs: "Onu öldürmək niyyətim olmayıb"

​Bacısının nişanlısını qətlə yetirməkdə təqsirləndirilən şəxs: "Onu öldürmək niyyətim olmayıb" "Mən Habili bıçaqla vurmamışam"
Hadisə
7 Noyabr , 2015 11:35
​Bacısının nişanlısını qətlə yetirməkdə təqsirləndirilən şəxs: Onu öldürmək niyyətim olmayıb

Bakı. 7 noyabr. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində bacısının nişanlısı, 1991-ci il təvəllüdlü Habil Aslan oğlu Abdullayevi qətlə yetirməkdə təqsirləndirilən 1993-cü il təvəllüdlü Elvin Elşən oğlu Cavadovun cinayət işi üzrə məhkəməsi keçirilib.

"Report"un xəbərinə görə, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə şahidlər Elşanə Cavadova, Elşən Cavadov, Rahim Nuriyev və Elmar Novruzov ifadə verib.

Təqsirləndirilən şəxsin bacısı, öldürülən H.Abdullayevin nişanlısı olan E.Cavadova dindirilərkən hadisənin necə baş verməsindən danışıb: "Hadisədən əvvəl nişanlım mənə zəng elədi. Onunla mobil telefonda danışarkən qardaşım Elvin məndən su istədi. Mənim telefonla danışdığımı görən Elvin üstümə qışqırdı. Bu zaman Habil məndən soruşdu ki, "sənin üstünə qışqıran kimdir"?! Hadisənin isə necə baş verdiyindən xəbərim yoxdur".

Elvin Cavadovun atası Elşən Cavadov bildirib ki, H.Abdullayevi xəstəxanaya aparan zaman yolda dünyasını dəyişib: "Hadisə günü evdə idim. Küçədən səs gəldiyi üçün çölə çıxdım. Habilin maşınının mənə tərəf gəldiyini gördüm. Maşının qapısını açanda Habilin gözləri çevrilmiş formada idi. Onun dili də qatlanmışdı. Tez əlimi onun ağzına salıb dilini çıxardım. Bu zaman Habil özünə gəldi. Ondan nə olduğunu soruşdum. Heç bir hadisənin baş vermədiyini dedi. Təxminən 2 saatdan sonra Habilin dili yenidən qatlandığı üçün Təcili Tibbi Yardım məntəqəsinə zəng vurdum. Təcili yardımın gəlməsini gözləmədik. Onu Maştağa qəsəbəsi ərazisində yerləşən 7 saylı Birləşmiş Şəhər Xəstəxanasına çatdırmaq istədim. Lakin Habil yolda öldü. Qalın geyimdə olan Habilin üzərində isə heç bir qan ləkəsi yox idi. Polis bölməsində onun atasına və qohumlarına zəng vursam da, cavab verən olmadı. Sonradan bildim ki, oğlumla Habilin arasında mübahisə baş verib. Qızımdan soruşarkən Elşanə də telefon zəngi ilə bağlı olan hadisəni mənə danışdı".

Dövlət ittihamçısı Elşən Cavadovun ilkin istintaq zamanı verdiyi ifadə ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyyət olduğunu deyib: "Elşən Cavadovun ifadələri üst-üstə düşmür. O, ilkin ifadəsində Habilin üzərində qan ləkəsi və sinəsində yara olduğunu bildirib. Lakin məhkəmədə nə qan ləkəsi, nə də yara izinin olmadığını dedi".

Elşən Cavadov məhkəmədə verdiyi ifadəni təsdiqləyib: "Yenə deyirəm, hadisə zamanı onun üzərində qan ləkəsi və sinəsində yara olmayıb".

Elvin Cavadov isə ifadəsində H.Abdullayevi bıçaqla vurmadığını və ümumiyyətlə, onu öldürmək niyyətində olmadığını deyib: "Ötən məhkəmə iclasında bu haqda danışdım. Habillə mübahisə edəndən sonra onların evinə gedirdim. Habili onun atasına şikayət edəcəkdim. Lakin yolda mənə zəng gəldi ki, Habilin vəziyyəti yaxşı deyil. Sonra atamla telefonla danışarkən bildim ki, Habil ölüb. Yoldan geri qayıdıb, polis bölməsinə getdim. Bölmədə onunla mübahisə etdiyim haqda danışdım. Məni polis bölməsində saxladılar. Lakin mən Habili bıçaqla vurmamışam. Onun dilində pəltəklik var idi. Mübahisə edərkən ucu iti alətlə Habili itələdim. Bundan sonra onun dili qatlandı. Habili öldürmək niyyətim olmayıb".

Məhkəmənin növbəti iclası noyabrın 20-nə təyin edilib.

Qeyd edək ki, hadisə bu ilin fevral ayında Sabunçu rayonu ərazisində, Maştağa-Zabrat şossesində yerləşən Yeni Yaşayış massivində baş verib. Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Elvin Elşən oğlu Cavadov aralarında yaranan münaqişə zəminində bacısının nişanlısı, 1991-ci il təvəllüdlü Habil Aslan oğlu Abdullayevi qətlə yetirib. İlkin məlumata görə, qətlə yetirilən H.Abdullayev nişanlısı ilə gedibmiş. O, gələcək qayınatası E.Cavadovdan nişanlısı ilə görüşmək üçün icazə istəyib. Qızın qardaşı E.Cavadov isə buna etiraz edib. Mübahisə zəminində o, bacısının nişanlısına kəsici və ya deşici alətlə vurub, ürək nahiyəsindən xəsarət alan 24 yaşlı gənc dünyasını dəyişib. E.Cavadov polisə könüllü təslim olub. O, ilkin ifadəsində bacısının nişanlısını onların evinə tez-tez gəldiyi üçün öldürdüyünü bildirib.

Son xəbərlər

Orphus sistemi