Bacısının keçmiş həyat yoldaşını bıçaqlayan şəxs məhkəmədə ifadə verib

Bacısının keçmiş həyat yoldaşını bıçaqlayan şəxs məhkəmədə ifadə verib Məhkəmənin növbəti prosesi martın 7-nə təyin edilib
Hadisə
5 Mart , 2018 16:51
Bacısının keçmiş həyat yoldaşını bıçaqlayan şəxs məhkəmədə ifadə verib

Bakı. 5 mart. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Akif Babayevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

İttihamda qeyd olunub ki, hadisə ötən il NZS qəsbəsində baş verib. A.Babayev bacısı Xəyalə Babayevanın keçmiş həyat yoldaşı Səbuhi Əhmədovu bıçaqlayıb. Buna səbəb isə ailə münaqişəsi zəminində yaranmış mübahisə olub. A.Babayev S.Əhmədova bacısını narahat etməsini əsas gətirərək bıçaq zərbəsi endirib.

Daha sonra ittihama münasibət bildirən A.Babayev özünü təqsirli bildyini söyləyib. O ifadəsində vurğulayıb ki, hadisə baş verən gün bacısı ilə birlikdə işə gedib: "Bu zaman Səbuhi Əhmədov yolda bizə yaxınlaşdı. Sonra evə qayıtdıq. Səbuhini söhbət etmək üçün evə çağırdım. Uşaqları gəlib görürdü, heç bir problem yox idi. Onunla danışdıq. Sözümüz düz gəlmədi, mən də onu vurdum".

Zərərçəkmiş S.Əhmədov məhkəmədə dindirilən zaman bildirib ki, hadisə baş verən gün keçmiş həyat yoldaşı ilə görüşmək istəyib. O qeyd edib ki, keçmiş həyat yoldaşının xəstə olduğunu öyrənib: "Onu narahat etmək fikrim yox idi. Müalicəsinə kömək etmək üçün getmişdim. O, iki uşağımın anasıdır. Uşaqlarımı da vaxtında görürdüm. Heç bir narahatlıq da yox idi".

S.Əhmədov ifadəsində təqsirləndirilən A.Babayevə qarşı şikayət və tələbinin olmadığını deyib.

Məhkəmənin növbəti prosesi martın 7-nə təyin edilib.

Qeyd edək ki, A.Babayev Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham edilir.

Son xəbərlər

Orphus sistemi