Bakı. 5 sentyabr.REPORT.AZ/ Azərbaycan Baş Prokurorluğu Səid Nuriyevin (Nuri) ölkədən buraxılmaması məsələsinə münasibət bildirib. Qurumun mətbuat xidmətindən Report-a bildirilib ki, Azərbaycan Respublikasının vətəndaşı, 23 oktyabr 1981-ci ildə Bakı şəhərində anadan olan və hazırda Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsi, ev 11, mənzil 9 ünvanında qeydiyyatda olan Nuriyev Səid Fikrət oğlunun hərəkətinin müvəqqəti məhdudlaşdırılması Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq İdarəsində istintaq edilən cinayət işi ilə bağlıdır. Prokurorluq bildirir ki, S.Nuriyevin həmin cinayət işi üzrə şahid qismində dindirilməsi və həyata keçiriləcək bəzi istintaq hərəkətlərində iştirakı zərurəti yaranıb. O, Azərbaycan Respublikası vətəndaşlığından çıxması ilə bağlı müvafiq dövlət orqanına müraciət etməyib. "Qüvvədə olan qanunvericiliyə görə bu halda Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin vətəndaşlığına mənsubiyyəti S.Nuriyevə münasibətdə tanınmır" - deyə, Baş Prokurorluğun məlumatında qeyd olunub.
Qeyd edək S.Nuri 2003-cü ildə Azərbaycanı tərk edərək ABŞ-da məskunlaşıb. Daha sonra isə ABŞ vətəndaşlığı alıb. O, Azərbaycana xəstə atasını görmək üçün gəldiyini bildirib.