Yuxarı

Bakıda 44 yaşlı kişini bıçaqlayan şəxs məhkəmədə ifadə verib: "O, məni boğmaq istədi"

Bakıda 44 yaşlı kişini bıçaqlayan şəxs məhkəmədə ifadə verib: "O, məni boğmaq istədi"

Dövlət ittihamçısı ittiham aktını elan edib

Bakı. 28 avqust. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 44 yaşlı kişini bıçaqlayaraq qaçan Tahir İsgəndərovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

Elan olunmuş ittiham üzrə T.İsgəndərov özünü təqsirili bildiyini deyib. O, sərbəst ifadəsi zamanı qeyd edib ki, zərərçəkmiş Rüstəm Əhmədovla aralarında mübahisə düşüb: "Evdə oturmuşduq. Rüstəm bizə gəldi. O, çox içkili idi, məni söyürdü. Siqaret almağa getmək istədiyimi söylədim. O, məni boğmaq istədi. Samir bu zaman bizə yaxınlaşdı. Rüstəm onu vurub, yerə yıxdı. Nə qədər etsəm də, onun əlindən çıxa bilmədim. Stolun üstündə meyvə bıçağı var idi. Əlimi atıb onu götürdüm. Bir-birimizi itələyən zaman bıçaq onun qarın boşluğuna girdi. Sonra onu taksi ilə xəstəxanaya aparan zaman qapını bağlamağa getdim. Qayıdanda artıq Samir onu aparmışdı".

Dövlət ittihamçısının suallarını cavablandıran T.İsgəndərov qeyd edib ki, zərərçəkmiş R.Əhmədovun evində kirayədə qalıb.

Zərərçəkniş Rüstəm Əhmədov isə ifadə verən zaman hadisə günü içkili olduğunu söyləyib: "Hadisə barədə heç nə yadımda qalmayıb. Ad günündə litr yarım araq içmişdim. Əvvəllər də aramızda heç bir problem olmayıb".

Prokuror bildirib ki, R.Əhmədov istintaqa ifadəsində T.İsmayılovun ona söyüş söydüyün deyib.

R.Əhmədov "təxmini elə oldu" cavabını verib.

Qeyd edək ki, hadisə bu ilin aprel ayında Nəsimi rayonu, M.Cəlal Paşayev küçəsində baş verib. 1973-cü il təvəllüdlü Əhmədov Rüstəm 4-cü mikrorayon, naməlum şəraitdə bıçaq xəsarətləri alıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub. 

Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Daşkəsən rayon sakini, 1985-ci il təvəllüdlü T.İsgəndərov tutulub.

O, Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham olunur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi