Kiyev. 27 sentyabr. REPORT.AZ/ Sentyabrın 25-də Ukrayna paytaxtı Kiyevdə ölümlə nəticələnən yol qəzası baş verib.
"Report"un Ukrayna bürosunun məlumatına görə, Qoloseyevski rayonunda yüksək sürətlə hərəkət edən "BMW 523" markalı avtomobil "Chevrolet Tacuma" ilə toqquşub.
Toqquşma nəticəsində "Chevrolet" bir neçə dəfə çevrilib, onun sürücüsü hadisə yerində ölüb, sərnişin - sürücünün həyat yoldaşı isə ağır yaralanaraq xəstəxanaya yerləşdirilib.
Toqquşma sonrası BMW yanmağa başlayıb, sürücü hadisə yerindən qaçaraq gizlənib.
Qeyd olunur ki, şahidlər BMW-nin sürücüsünün azərbaycanlı Qafar Bağıyev olduğuna dair ifadə veriblər.
Ukraynanın hüquq-mühafizə orqanları hazırda sürücünün kimliyini müəyyənləşdirmək və onu saxlamaq üzrə əməliyyat-axtarış tədbirləri həyata keçirirlər. İlkin məlumatlara görə, məhz o, yol hərəkət qaydalarını pozub.