Yuxarı

​Azərbaycanlı iş adamlarından 1 kq-a yaxın narkotik vasitə götürülüb

Onların üzərində yarım kq-dan çox həşiş, heroin və marixuana olub

Bakı. 28 aprel. REPORT.AZ/ Rusiyanın Krasnoyarsk vilayətində Narkotiklərin Dövriyyəsinə Nəzarət Federal Xidmətinin əməkdaşları tərəfindən üç azərbaycanlı saxlanılıb.

"Report" xəbər verir ki, onlar öz cinayətkar əməllərini beton blokları istehsalı üzrə leqal biznes adı altında həyata keçiriblər.

Saxlanılan şəxslərdən yarım kiloqramdan çox həşiş, heroin və marixuana, həmçinin 12 ədəd "Makarov" patronu götürülüb.

Dubinino və Şarıpovoda narkotik maddələrin daşınmasının qarşısının alınması üzrə əməliyyat mərhələli şəkildə həyata keçirilib. Əvvəlcə onlardan birindən 50 qram həşiş götürülüb. Daha sonra 50 yaşlı təşkilatçı saxlanılıb. Onun mənzilinə baxış zamanı 370 qram narkotik vasitə aşkarlanıb. Kərpic şəklində qablaşdırılmış həşiş anbar otağında ayaqqabının içində olub. Həmçinin seyfdən 12 ədəd "Makarov" tipli tapança patronu aşkar edilərək götürülüb.

"Axtarışlar şübhəli şəxsə məxsus üç qarajda da aparılıb. Onların hər birində narkotik vasitə aşkarlanıb: bir neçə on qram heroin, həşiş və marixuana. Narkotik ticarətinin leqal olaraq beton blokları istehsalı ilə məşğul olan üçüncü iştirakçısından 5 qram həşiş götürülüb", - deyə Federal Xidmətin mətbuat xidmətindən bildirilib.

Saxlanılan şəxsləri 20 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir. Hazırda polis narkotik ticarətinin digər iştirakçılarını müəyyənləşdirir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi