Yuxarı

Azərbaycandan Rusiyaya külli miqdarda narkotik maddə keçirmək istəyən şəxs saxlanılıb

Aşkar edilmiş faktlarla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir

Bakı. 13 fevral. REPORT.AZ/ Xaçmaz Gömrük İdarəsinin “Yalama” gömrük postunda 55 saylı Bakı-Moskva sərnişin qatarında Azərbaycan Respublikasından Rusiya Federasiyasına gedən Hüseynov Turac Rəhman oğlunun əl yükünə keçirilmiş gömrük baxışı zamanı ona məxsus çemodanın alt hissəsindəki astarın içəri hissəsində gizlətdiyi 6 ədəd bağlamada külli miqdarda, ümumi çəkisi 5 kq 880 qram həşiş qətranı narkotik vasitəsi gömrük əməkdaşları tərəfindən aşkar edilərək götürülüb.

Bu barədə “Report”a Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən məlumat verilib.

Hüseynov Turac Rəhman oğlu şübhəli şəxs qismində tutulub, ona Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham elan edilib və Bakı şəhəri Yasamal rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” Gömrük Postunda isə İran İslam Respublikasından Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı Qurbanova Pərvanə Bayram qızının üzərində aparılmış şəxsi yoxlama zamanı onun daxili orqanından, gömrük nəzarətindən gizlədilib, selofana bükülü 2 ədəd bükümdə, ümumi xalis çəkisi 172,756 qram olan narkotik vasitə heroin aşkar edilib.

Bundan sonra Qurbanova Pərvanə Bayram qızından aşkar edilən narkotik vasitə heroini qəbul edəcək şəxsin müəyyənləşdirilərək saxlanılması istiqamətində müvafiq əməliyyat tədbirləri həyata keçirilib və narkotik vasitəni qəbul edəcək Azərbaycan vətəndaşı Qarayev Rəşad Ağaverdi oğlu Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” Gömrük Postunun qarşısında saxlanılıb.

Aşkar edilmiş faktlarla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi