Bakı. 6 yanvar. REPORT.AZ/ Azərbaycandan İrana spirtli içkilərin qaçaqmalçılıq yolu ilə aparılmasına cəhdin qarşısı alınıb. Bu barədə “Report”a Dövlət Gömrük Komitəsindən (DGK) bildirilib.
Məlumata görə, DGK-nın Biləsuvar Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin “Qoşa Təpə” gömrük postunda Azərbaycandan İrana gedən qonşu ölkə vətəndaşı Abdolı Mahmood Bahar Alının idarə etdiyi “Scania” markalı, sərnişin avtobusu saxlanılıb və nəqliyyat vasitəsi əsaslı şəkildə yoxlanılıb.
Yoxlama zamanı, avtobusun arxa təkərinin üstündə yük üçün nəzərdə tutulmuş yerdən, həmin yerin metal döşəməsinin altındakı boşluqdan, malların aşkar edilməsini çətinləşdirən üsuldan istifadə etməklə gömrük nəzarətindən gizlədilmiş, Azərbaycan Respublikasının aksiz markası ilə markalanmış 110 ədəd müxtəlif adda birlitrlik araqlar aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.