Azərbaycanda sabiq bələdiyyə sədrinə cinayət işi başlanılıb.
Bu barədə "Report"a Cəlilabad Rayon Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, rayonun Muğan bələdiyyəsinin vəzifəli şəxsləri tərəfindən müxtəlif dövrlərdə pul vəsaitlərinin mənimsənilməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılıb.
Araşdırmalarla bələdiyyənin sabiq sədri Aygün Məlikovanın öz qulluq mövqeyindən istifadə etməklə 2020-ci ilin yanvar-dekabr ayları ərzində bələdiyyə mülkiyyətinə aid 62 hektar ərazisi olan torpaq sahəsini qanunsuz yolla ayrı-ayrı şəxslərin icarəsinə verməsi və dövlət büdcəsindən bələdiyyəyə ayrılan 4 070 manat vəsaiti şəxsi ehtiyaclarına xərcləməsi, bundan başqa, daha əvvəl həmin vəzifədə işləmiş Rasif Həsənov tərəfindən özünə 2 240 manat məbləğində artıq əmək haqqı yazılması nəticəsində ümumilikdə 6 310 manat məbləğində bələdiyyə büdcəsinə ziyan vurulmasına dair əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etmə) və 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.
Hazırda cinayət işi üzrə bütün təqsirli şəxslərin müəyyən edilməsi istiqamətində intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.